İnsanlar həqiqətən psixoloji boşluq yaşadıqları üçün süni intellektə üz tuturlar, yoxsa...? - PSİXOLOQ AÇIQLADI

29 Dekabr 2025 17:15 (UTC+04:00)

İnsanların süni intellektlə dərdləşməsi getdikcə adi hala çevrilir. Bu texnoloji vasitə bəzən insan üçün ana, bacı, dost, yoldaş, hətta ən yaxın sirdaş rolunu oynayır. Lakin bu meyl sadəcə yeniliyə maraqla izah oluna bilməz. Burada əsas sual yaranır: insanlar həqiqətən psixoloji və emosional boşluq yaşadıqları üçünmü süni intellektə üz tuturlar, yoxsa zamanla bir-birinə qarşı sevgi, inam və empatiya zəiflədiyi üçün insan münasibətləri dəyərini itirir?

Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında bildirib ki, son dövrlər insanların bir-birinə qarşı güvən hissi azaldığından, emosional olaraq özünü yalnız hiss etdiklərindən süni intellektə müraciət edirlər:

"Bu addımları atan insanlar təsir altına tez düşən insanlardır. Çünki qarşı tərəf tərəfindən anlaşılmamaq, tənqid olunmaq və ya xəyal qırıqlığına uğramaq qorxusu yaşayırlar. Süni intellekt isə bu baxımdan daha “təhlükəsiz” görünür – o, ittiham etmir, sirr saxlamamaq riski daşımır və daim eyni səviyyədə diqqət göstərir. Süni intellektə emosional bağlanan insanlar adətən təsir altına tez düşən, həssas və dəstəyə ehtiyacı olan şəxslərdir. Bu cür insanlar real münasibətlərdə istədikləri anlayışı və yaxınlığı tapa bilmədikdə alternativ yol axtarırlar. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, süni intellektlə ünsiyyət real insan münasibətlərini tam əvəz edə bilməz. Uzun müddət bu cür əlaqələrə üstünlük vermək insanın sosial bacarıqlarının zəifləməsinə, təkliyinin daha da dərinləşməsinə səbəb ola bilər.

Nəticə etibarilə, süni intellektə yönəlmə təkcə texnoloji yenilik deyil, eyni zamanda cəmiyyətdəki emosional və psixoloji boşluqların göstəricisidir. Bu vəziyyət insan münasibətlərinin yenidən dəyərləndirilməsini, empatiya, anlayış və qarşılıqlı etimadın gücləndirilməsini zəruri edir. Çünki texnologiya nə qədər inkişaf etsə də, insanın insana olan ehtiyacını tam şəkildə əvəz edə bilmir".