"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi ən möhtəşəm və mənəvi baxımdan ən dəyərli bayramlardan biridir. Bu əlamətdar gün sadəcə bir tarix deyil, bütöv bir xalqın milli kimliyinin, birlik iradəsinin və azadlıq ruhunun rəmzidir. Həqiqətən də, milli azadlıq hərəkatı dövründə Azərbaycan insanının müstəqil dövlət qurmaq, parçalanmış taleləri birləşdirmək və öz səsini dünya ictimaiyyətinə çatdırmaq arzusu məhz bu bayramın mahiyyətində əksini tapır". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir amal, bir məqsəd ətrafında birləşməsi, milli maraqlar naminə yumruq kimi bir olmasının vacibliyini göstərən mühüm bir bayramdır:
"Bu gün bizi dilimiz, mədəniyyətimiz, tariximiz və Vətən sevgimiz ətrafında birləşdirir, harada yaşamağımızdan asılı olmayaraq hamımızın eyni kökdən gəldiyini bir daha xatırladır. Bu ideya Ulu Öndər tərəfindən irəli sürülərkən Azərbaycan çox ağır və mürəkkəb bir dövrdən keçirdi. Torpaqlarımız işğal altındaydı, ölkə daxilində siyasi və iqtisadi çətinliklər mövcud idi, beynəlxalq müstəvidə isə Azərbaycana qarşı böyük dövlətlərin və müxtəlif qüvvələrin təzyiqləri hiss olunurdu. Hələ gənc müstəqil dövlət olaraq bir çox sahələrdə gücümüz və imkanlarımız məhdud idi. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqı Ümummilli Liderin uzaqgörənliklə verdiyi mesajı düzgün dəyərləndirdi və bu çağırışa cavab olaraq birləşdi, həmrəy oldu, öz gücünə inandı.
Məhz bu birlik və həmrəylik nəticəsində bu gün Azərbaycan böyük uğurlara imza atmışdır. Ali Baş Komandanın müdrikliyi, qətiyyəti, düşünülmüş və uğurlu siyasəti, eyni zamanda xalqın sarsılmaz birliyi ölkəmizə tarixi qələbələr yaşatdı. Bu qələbələr təkcə hərbi uğur deyil, həm də milli ruhun, dövlətçilik iradəsinin və haqq-ədalətin təntənəsi oldu. Bu gün Azərbaycan dövləti dünyanın sürətlə inkişaf edən, hərtərəfli tərəqqi yolunu seçmiş, iqtisadi, siyasi, hərbi və mədəni sahələrdə güclənən nüfuzlu bir ölkədir. Biz dünyanın nadir xalqlarından biriyik ki, ən böyük və ən ağrılı problemimizi – ərazi bütövlüyümüzün bərpasını – öz gücümüz, öz qətiyyətimiz və milli iradəmiz hesabına həll etmişik. Bu, Azərbaycan xalqının tarixində qürurverici bir səhifədir.
Ali Baş Komandan xalqdan gələn bu gücə arxalanaraq, bu böyük qələbəni bütün dünya azərbaycanlılarına yaşatdı. Bu gün 50 milyonluq Azərbaycan xalqı dünyanın ən qürurlu xalqlarından biridir. Azərbaycan insanı öz haqqını aldı, öz ləyaqətini qorudu və tarix qarşısında başıuca dayandı. Şübhəsiz ki, müstəqil, qalib və güclü Azərbaycan dövlətinə böyük və mənalı bayramlar yaraşır. Bu gücü, bu birliyi və bu həmrəyliyi qorumaq, gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Əzəmətli və müzəffər xalqımızın, qüdrətli dövlətimizin gücü daim yaşamalıdır. Bunun üçün isə biz hər zaman bir olmalı, həmrəy olmalı, milli maraqlarımızı hər şeydən uca tutmalıyıq. Çünki Azərbaycan yalnız birlikdə güclüdür və bu birlik bizim ən böyük sərvətimizdir".