“Diaspora sahəsində fəaliyyət dünya miqyasında daha da gücləndirilməlidir” - ŞƏRH

29 Dekabr 2025 15:57 (UTC+04:00)

Artıq uzun müddətdir ki, Azərbaycan 31 Dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edir. Yəni dünyada təxminən 200-ə yaxın dövlət var və həmin ölkələrdə yaşayan azərbaycanlıların həmrəyliyini nümayiş etdirən mühüm bir qərardır. Bu gün Dünya Azərbaycanlılarının birliyinin və həmrəyliyinin önəmini daşıyır. Əlbəttə ki, bu prosesdə diasporanın çox böyük rolu var və məhz bu baxımdan da Azərbaycanda diaspora bu gün dövlət qurumu kimi fəaliyyət göstərir. Bu fikirləri SİA-ya açıqlamasında ƏHD Partiyasının Baş katibi və politoloq Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, Azərbaycan bu sahədə fəaliyyətini dünya miqyasında daha da gücləndirməlidir: "Hansı ölkədə soydaşlarımız yaşayırsa, onların fəaliyyətinin koordinasiyası, hüquqlarının qorunması və tənzimləyici rolun həyata keçirilməsi olduqca vacibdir. Azərbaycanda fəaliyyət göstərən diaspora qurumu dövlət və milli maraqların müdafiəsi, həmin ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının bərpası, eləcə də onların sosial və hüquqi statuslarının qorunması istiqamətində mühüm missiya daşıyır. Bu gün dünyada təxminən 50 milyondan artıq azərbaycanlı yaşayır və onlar dünyanın müxtəlif ölkələrinə səpələniblər. Bu insanların birlik və həmrəyliyinə, eləcə də birgə fəaliyyətinə ciddi ehtiyac var. Məhz buna görə də dövlət diaspora sahəsi son dərəcə vacib və strateji əhəmiyyət daşıyan bir sektordur və bu istiqamətdə fəaliyyət bütün səviyyələrdə gücləndirilməlidir.

Azərbaycanın haqlı mövqeyi bütün aspektlərdə xaricdə yaşayan soydaşlarımız tərəfindən yaşadıqları ölkələrin ictimaiyyətinə və dövlət qurumlarına çatdırılmalıdır. Bu baxımdan, bu sahədə daha təsirli və ardıcıl addımların atılması vacibdir. O vurğulayıb ki, istər adi vəzifəsiz vətəndaş, istərsə də xaricdə yaşayan hər bir soydaşımız vahid Azərbaycan ideyasına, müstəqil Azərbaycanın güclənməsi və qorunması istiqamətində üzərinə düşən məsuliyyəti dərk etməli və yerinə yetirməlidir. Eyni zamanda politoloq qeyd edib ki, bu sahədə dövlətin də üzərinə mühüm məsuliyyət düşür. Dövlət, xüsusilə Diasporla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə zəruri və sistemli addımları atmalı, diaspor fəaliyyətinin daha səmərəli və koordinasiyalı şəkildə həyata keçirilməsini təmin etməlidir".