Ötən həftə 900 hektardan çox ərazi minalardan təmizlənib

29 Dekabr 2025 14:53 (UTC+04:00)

Azad olunan ərazilərdə dekabrın 22-dən 28-nə qədər 18 tank əleyhinə mina, 72 piyada əleyhinə mina, 758 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 932,9 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.