"Dövlət qayıdış prosesini mərhələlilik prinsipi ilə həyata keçirir" - ŞƏRH

29 Dekabr 2025 14:02 (UTC+04:00)

"Prezident İlham Əliyevin Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirakı və sakinlərlə görüşü Böyük Qayıdış siyasətinin institusional mərhələdə olduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bu mərhələ planlı məskunlaşma, sosial adaptasiya və idarəolunan reinteqrasiya modelinin tətbiqini əhatə edir: "Uzun müddət tam dağıdılmış şəhər kimi beynəlxalq hesabatlarda yer alan Ağdam bu gün postmünaqişə urbanizasiya modelinin sınaq məkanı funksiyasını daşıyır. İkinci yaşayış kompleksinin istifadəyə verilməsi göstərir ki, dövlət qayıdış prosesini mərhələlilik, təhlükəsizlik və sosial davamlılıq prinsipləri əsasında həyata keçirir. Bu yanaşma qısa müddətli siyasi effekt deyil, uzunmüddətli dövlətçilik məqsədlərinə xidmət edir.

Prezidentin köçən sakinlərlə birbaşa təması isə siyasi kommunikasiya baxımından ayrıca əhəmiyyət daşıyır. Bu, mərkəzi icra hakimiyyəti ilə vətəndaş arasında məsafənin minimuma endirildiyini, qərarların real sosial ehtiyaclara uyğunlaşdırıldığını nümayiş etdirir.

Ağdamda formalaşan yaşayış mühiti Qarabağ və Şərqi Zəngəzur üzrə gələcək məskunlaşma xəritəsinin konturlarını müəyyənləşdirir. Burada yaşayış sahələri infrastruktur, məşğulluq və sosial xidmətlərlə paralel qurulur ki, bu da geridönüşün dayanıqlığını təmin edən əsas amildir.

Nəticə etibarilə, Ağdamdakı bu açılış təkcə regional bərpa addımı deyil, Azərbaycanın suverenliyini sosial, demoqrafik və institusional mexanizmlərlə möhkəmləndirdiyini göstərən kompleks dövlət siyasətinin praktik təzahürüdür".