"Vizual sənət nümunəsi sayılan televiziya sözsüz ki, çox böyük ictimai, mədəni və ideoloji təsir vasitəsidir. İnternet və sosial şəbəkələr onu nə qədər əvəz etməyə çalışsa da, görüntülü informasiya bolluğu və efir imkanları baxımından televiziya və telekanallar müxtəlif əhali qruplarına ciddi təsir göstərməkdə davam edir". Bu fikirləri SİA-ya açıqlamasında yazıçı-kultoloq və sosioloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, məhz bu səbəbdən televiziya kanallarının geniş əhali kütlələrinə yönəlik apardığı siyasət bütün dünyada dövlətlərin, xüsusi dövlət qurumlarının və müvafiq nəzarət mexanizmlərinin diqqət mərkəzində olmalıdır: "Azərbaycan televiziyalarında bir çox sahələr üzrə inkişaf müşahidə olunur. İstər xəbərçilik, istər mədəni maarifçilik, musiqi, şou proqramlar və film nümayişi baxımından ciddi problemlər yoxdur. Televiziya fəaliyyəti ilə bağlı “Film haqqında qanun”, “Alkoqollu və tütün məmulatlarının reklamı haqqında qanun” və “Audiovizual məhsullar haqqında qanunvericilik”də müəyyən dəyişikliklər edilib və telekanallar da bu normalara riayət etməyə çalışırlar. Bununla yanaşı, bəzi televiziya verilişləri, xüsusilə sosial xarakterli proqramlar geniş kütlələrin ictimai, psixoloji və sosial mənəvi düşüncəsinə təsir etmək gücünə malikdir. Dünyanın hər yerində televiziya inkişaf etdikcə, mədəniyyətin və sənətin bir qoluna çevrilir. Reallığı əks etdirməyə çalışsa da, bəzi janrlar, xüsusilə sosial janrlar canlı yayıma çıxdığı üçün ssenariləşdirilməlidir. Canlı efirin incəlikləri nəzərə alınaraq müəyyən məqamlara xüsusi diqqət yetirilir.
Sosioloqun fikrincə, telekanalların baş redaktorları, aparıcıları, redaktorları və dəvət olunan ekspertlər milli mənəvi dəyərlərə və ölkəmizə məxsus xüsusiyyətlərə xüsusi həssaslıqla yanaşmalıdırlar. Çünki televiziya verilişlərində, xüsusən də sosial proqramlarda yayılan istənilən informasiya cəmiyyətin ümumi psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Bəzən elə hallar yaşanır ki, onların qarşısını dərhal almaq mümkün olmur. Texniki tənzimləmələr mövcuddur və televiziya kanalları canlı efirə müəyyən vaxt fərqi ilə daxil olur, sonradan real montajdan sonra yayıma verilir. Canlı efirdə baş verən bəzi hadisələri dərhal kəsmək mümkün olmasa da, sonradan üzr istənilir və ya Audiovizual Şura tərəfindən müvafiq cəzalar tətbiq olunur ki, bu cür halların təkrarlanmasının qarşısı alınsın.
Milli mənəvi dəyərlər sisteminin formalaşmasında, cəmiyyətin qəbul etdiyi davranış modellərində, xüsusilə də yeni nəslin tərbiyəsində telekanalların və onların verilişlərinin xüsusi rolu var. Bu amil nəzərə alınmalıdır. İnsanlar televiziyadan təkcə əyləncə xarakterli məlumatlar deyil, eyni zamanda ictimai və siyasi proseslərə vizual təsir formasında informasiyalar da alırlar. Məhz buna görə də televiziya kanalları veriliş siyasətində və canlı yayım məsələlərində daha diqqətli davranmalıdırlar. Həyat dəyişdikcə televiziya da dəyişir. Həyatda baş verən hadisələr televiziyaya, televiziyada formalaşan təsirlər isə yenidən həyata daşınır. Bəzi mənfi nüanslar nəzərə alınsa da, bəziləri hələ də diqqətdən kənarda qalır və bu da müəyyən problemlərə yol açır. Bu problemlərin yaranmaması üçün televiziya mühitini yaxşı bilən və anlayan şəxslər efir mədəniyyətinin formalaşmasına daha çox diqqət yetirməlidirlər".