Azərbaycanlı alimlərin məqalələri Harvard–NASA ADS indeksinə daxil edilib

27 Dekabr 2025 12:22 (UTC+04:00)

Azərbaycan elmi üçün diqqətçəkən yenilik qeydə alınıb. Avropada yaşayan və təmiz enerji texnologiyaları sahəsində fəaliyyət göstərən azərbaycanlı tədqiqatçılar Bəxtiyar Nəcəfov və İsmail M. Qarazadənin beynəlxalq elmi jurnallarda dərc olunan məqalələri Harvard və NASA adı ilə bağlı elmi indeksdə yer alıb.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) SİA-ya bildirilib ki, NASA Astrophysics Data System (ADS) portalında tədqiqatçıların iki məqaləsi ayrıca bibliografik qeyd kimi indeksləşdirilib.

Məlumata görə, Bəxtiyar Nəcəfov və İsmail Qarazadə 2025-ci ildə beynəlxalq həmmüəlliflərlə birlikdə yüksək reytinqli (Q1) elmi jurnallarda, ümumilikdə 5 məqalə ilə çıxış ediblər. Nəşrlər təmiz enerji materialları, su və ətraf mühit təhlükəsizliyi, eləcə də qida təhlükəsizliyi üçün analitik ayırma və təyinetmə metodları kimi praktiki təsir potensialı yüksək olan istiqamətləri əhatə edir.

Qeyd olunub ki, alimlərin Q1 jurnallarda ardıcıl elmi fəaliyyəti azərbaycanlı tədqiqatçıların qlobal elmi əməkdaşlıqda və enerji keçidi, su və qida təhlükəsizliyi, portativ analitika kimi beynəlxalq çağırışlar kontekstində daha görünən mövqeyə yüksəldiyini göstərir.

Bu nailiyyətlər, eyni zamanda, gənc tədqiqatçılar üçün beynəlxalq elmi mühitdə uğurlu fəaliyyətin mümkünlüyünü nümayiş etdirən real nümunə kimi dəyərləndirilir.