Türkiyədə təyyarə qəzasında həlak olan Liviya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmməd Əli Əhməd əl-Həddad və digər generallar üçün Ankarada vida mərasimi keçirilib. SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Ankara vilayətinin Haymana rayonunda dekabrın 23-də qəzaya uğrayan təyyarədə olan Liviya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Məhəmməd Əli Əhməd əl-Həddad, Liviya Quru Qoşunlarının komandanı, korpus generalı Futuri Qribel, Liviya Hərbi zavodlarının direktoru, briqada generalı Mahmud Cuma əl-Giteviy, Liviya Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əssavi və fotoqraf Məhəmməd Ömər Əhməd Məhcub üçün vida mərasimi təşkil olunub.
Mürted Hava Meydanı Komandanlığında keçirilən mərasimdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargahın rəisi Səlcuq Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələrinin komandanı Ərcüment Tatlıoğlu, Quru Qoşunlarının komandanı Metin Tokel, nazir müavinləri Alpaslan Kavaklıoğlu və Salih Ayhan iştirak edib.
Qeyd edək ki, dekabrın 23-də göyərtəsində Liviya Baş Qərargah rəisinin də olduğu Türkiyədə Ankara Esenboğa hava limanından Liviyanın Tripoli şəhərinə doğru uçan "9H-DFJ" nömrəli "Falcon 50" biznes təyyarəsi Haymana yaxınlığında qəzaya uğrayıb.