Bu il təhsil sahəsində hansı uğurlar əldə edildi? - EKSPERT AÇIQLADI

26 Dekabr 2025 17:30 (UTC+04:00)

“Təhsil sahəsində bir çox uğurlar əldə olunub. Bizim şagirdlərimiz beynəlxalq olimpiadalarda yaxşı nəticələrlə çıxış ediblər. Eyni zamanda ali təhsil universitetlərində bu il plan yerləri daha çox artıb və biz həm bakalavr, həm magistratura pilləsi üzrə təxminən 75.000 nəfərə yaxın şəxs qəbul etdik”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, xarici ölkə universitetlərinin doktorantura pilləsinə də qəbul var:

“Qarabağ Universitetində tibb ixtisaslarının açılması, eyni zamanda dövlət sifarişli təhsil alan tələbələrin sayının artması, təxminən 35.000 nəfərə yaxın vətəndaşımızın pulsuz təhsil qazanması ilə nəticələnib. Əgər bakalavr pilləsini, magistraturanı və orta ixtisas təhsilini də nəzərə alsaq, haradasa 50.000-dən çox vətəndaşımız pulsuz təhsil almaq imkanı qazanıb.

Bundan əlavə, Qarabağ iqtisadi zonasında, o cümlədən Şərqi Zəngəzur iqtisadi zonasında yeni məktəblərin istifadəyə verilməsi, məktəbəqədər təhsil istiqaməti üzrə müəllimlərin işə qəbulu imtahanının həyata keçirilməsi, yeni təhsil müəssisələrinin tikilib istifadəyə verilməsi kimi tədbirlər də bu il baş tutub. Yəni bu kimi təhsil istiqamətində 2025-ci il üçün uğurlarımız olub — bəlkə bəzilərini unuduram — və gözləntimiz ondan ibarətdir ki, növbəti il daha çox müsbət nəticələr əldə olunacaq. Yeri gəlmişkən, bu yaxınlarda dövlət başçısının müvafiq sərəncamı ilə 21 təhsil müəssisəsinin yaradılması, bəzilərinin təmiri və yenidən bərpası ilə bağlı verilən qərarı da bu uğurlar siyahısına əlavə etmək olar”.