“Son vaxtlar bəzi ailələr qidaları ev şəraitində yarımfabrikat halına salıb buzluqda saxlamağa başlayıb. Bu metod vaxtımıza qənaət edir, gündəlik işi asanlaşdırır”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə mütəxəssis Asim Vəliyev deyib.
Onun sözlərinə görə, bütün qidalar dondurulmağa uyğun deyil:
”Bəzi məhsullar buzluqda saxladıqda dadını, faydasını itirir. Hətta sağlamlıq üçün risk yarada bilər. Çiy kartofu qeyd edə bilərik. Kartof dondurulduqda tərkibindəki nişasta şəkərə çevrilir. Bu da bişdikdən sonra qəribə dad yaradır. Kartofun toxuması da dəyişir, yumşalır. Buna görə çiy kartofu yarımfabrikat kimi dondurmaq məsləhət deyil. Xiyar, pomidor, kahı kimi sulu tərəvəzlər də buzluq üçün uyğun deyil. Bu məhsullar əridikdən sonra su buraxır. Həmçinin formasını və dadını itirir. Salat üçün yararsız hala düşür. Eyni hal qarpız və yemiş üçün də keçərlidir. Qaynadılmış yumurta da dondurulmamalıdır. Yumurtanın ağı buzluqda sərtləşir. Əridikdən sonra rezin kimi olur. Dadı xoş olmur. Çiy yumurtanı qabığı ilə dondurmaq isə təhlükəlidir. Qabıq partlaya bilər.
Mayonez, xama və qatıq kimi süd məhsulları da dondurulduqda keyfiyyətini itirir. Bu məhsullar ayrılır və kəsilmiş kimi görünür. Dadı dəyişir. Yenidən istifadə üçün uyğun olmur. Pendir növlərinin hamısı dondurulmağa uyğun deyil. Yumşaq pendirlər buzluqda quruyur və dağılır. Qoxusu da dəyişir. Qızardılmış yeməklər də dondurulduqda yaxşı nəticə vermir. Xüsusilə kartof qızartması əridikdən sonra yumşaqlığını itirir. Yağlı və dadsız olur”.