"Azərbaycanın təbii sərvətləri Ermənistan tərəfindən istismar edilib"

26 Dekabr 2025 18:48 (UTC+04:00)

Ermənistanın Azərbaycana qarşı talançılıq siyasəti 1991-ci ilin ortalarından başlamış və son iki ilə qədər davam etmişdir. Tarixə nəzər salsaq, 1991-ci ilin ortalarından başlayaraq Qarabağdakı separatçılar tərəfindən azərbaycanlılara qarşı qətliamlar törədilib, evləri dağıdılıb və kütləvi təzyiqlər həyata keçirilib. Birinci Qarabağ müharibəsi dövründə 800 minə qədər soydaşımız öz yurdundan məcburi köçkün düşdü. Onlar qovulduqdan sonra qalan bütün evlər və yaşayış məskənləri yer üzündən silinmiş vəziyyətə gətirildi.

SİA-nın məlumatına görə, bu fikirləri Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov söyləyib.

Onun sözlərinə görə, bu talançılığın nəticəsi olaraq dəymiş ziyanı müxtəlif komissiyalar fərqli rəqəmlərlə - bəziləri 100 milyard, bəziləri 200, bəziləri isə hətta 400 milyard dollar civarında hesablayır.

“Dəqiq nəticə yaxın vaxtlarda açıqlanacaq. İnsanlara həm maddi, həm də ağır mənəvi zərbə vurulub. Təbii ki, söhbət təkcə yaşayış yerlərindən getmir. Azərbaycana məxsus olan qızıl yataqları, meşə fondu və su resursları kimi bütün təbii sərvətlər Ermənistan tərəfindən vəhşicəsinə istismar edilib”, - deyə politoloq əlavə edib.

Samir Hümbətov vurğulayıb ki, bu proses İkinci Qarabağ müharibəsi bitənədək davam etdi, hətta müharibədən sonrakı mərhələdə Qarabağda qalmış müəyyən separatçı dəstələr Azərbaycanın florasına və faunasına ziyan vurmaqda, ekoloji terror törətməkdə davam edirdilər: “Bunlar Azərbaycan dövləti tərəfindən qeydə alındı. Hazırda bütün məlumatlar toplanılır və böyük ehtimalla bu məsələlər beynəlxalq məhkəmələrdə araşdırılacaq. Bu gün mühakimə olunan və ədalət qarşısına çıxarılan separatçı ünsürlər də əraziləri nə hala saldıqlarını etiraf edirlər. Ermənistanın bu aqressiv mövqeyi həm insanların doğma yurdlarından qovulmasında, həm də təbii sərvətlərimizin talamasında özünü büruzə verir. Azərbaycan Prezidenti İlham Əliyev Ağdama sonuncu səfəri zamanı keçmiş məcburi köçkünlərlə görüşündə Ermənistan-Azərbaycan münasibətlərinə toxunarkən məhz bu məqamları vurğuladı. Bu gün bir zamanlar "ruhlar şəhəri" adlandırılan Ağdamı yenidən dirçəldiriksə, bu, Ermənistanın törətdiyi cinayətlərə qarşı Azərbaycan dövlətinin öz həmvətənlərinə göstərdiyi qayğının ən böyük sübutudur”.