Dekabrın 26-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Milli Məclisin sədri Azərbaycan sərnişin təyyarəsinin faciəli şəkildə qəzaya uğramasının ildönümünün dünən tamam olduğunu xatırladıb. Bildirib ki, 25 dekabr tarixi xalqımızın yaddaşında milli hüzn günü kimi qalacaq. Bu faciə insan həyatının ali dəyər olduğunu və mülki aviasiyanın təhlükəsizliyi üçün dövlətlərin və beynəlxalq qurumların daşıdığı böyük məsuliyyəti bir daha xatırladır.
Sonra iclasda cari məsələlərin müzakirəsi keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova bu gün 9 məsələnin müzakirə ediləcəyini bildirib.
Gündəliyin birinci məsələsi olan Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ümumi təhsil haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təqdim edib.
Komitə sədri layihənin normativ-hüquqi aktlar arasında ziddiyyətin və boşluqların aradan qaldırılması, həmçinin "valideyn himayəsindən məhrum olmuş uşaqlar" anlayışına qanunvericilikdə vahid yanaşmanın tətbiq olunması məqsədilə hazırlandığını bildirib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib
Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti altı məsələsi ikinci oxunuşda olan qanun layihələridir. İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Növbəti məsələ olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. O, sənədin birinci oxunuşunda ətraflı məlumat verildiyini bildirib və birinci oxunuşda qaldırılan məsələlərə aydınlıq gətirib.
Sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O qeyd edib ki, dəyişikliklərin məqsədi mədəni irsin qorunması sahəsində müvafiq hüquqi rejimin səmərəsinin artırılması, mədəni sərvətlərə qarşı yönələn əməllərə münasibətdə cinayət və inzibati məsuliyyətin gücləndirilməsi, substantiv dəqiqləşdirmələrin aparılmasıdır.
Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu sənəd barədə bu komitənin rəyini təqdim edib.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini nəzərə çatdırıb.
Qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Vergi Məcəlləsində, “Tütün və tütün məmulatları haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu qanun layihəsinin rəhbərlik etdiyi komitə tərəfindən ikinci oxunuşda da dəstəkləndiyini bildirib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev layihədə təklif olunan dəyişikliklərin rəhbərlik etdiyi komitə tərəfindən dəstəkləndiyini və ikinci oxunuşda da məsələyə müsbət rəy verildiyini bildirib. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sahibə Qafarova gündəliyin son 2 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.
Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Diqqətə çatdırılıb ki, beynəlxalq təcrübəyə uyğun olaraq qanuna bir sıra yeni anlayışların daxil edilməsi təklif olunur. Layihədə ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patent alınması üçün iddia ərizəsinin verilməsi, qeydiyyatı, o cümlədən iddia sənədinin ekspertizası üzrə prosedurların asanlaşdırılması ilə bağlı dəyişikliklər nəzərdə tutulur.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim olunan layihənin rəhbərlik etdiyi komitə tərəfindən dəstəkləndiyini söyləyib. Ölkəmizdə elmin və texnoloji inkişafın prioritet istiqamət kimi müəyyən edildiyini, intellektual mülkiyyətin etibarlı qorunmasının aktual olduğunu bildirib.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumatı nəzərə çatdırıb. O bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsinə əsasən, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilir. Qeyd olunub ki, elmi araşdırmalar nəticəsində asbest və tərkibində asbest olan məhsulların insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübut edilib və onlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən kanserogen məhsullar kimi təsnifatlandırılıb.
Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin plenar iclası başa çatıb.