BMU-da Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub

26 Dekabr 2025 18:12 (UTC+04:00)

Bakı Mühəndislik Universitetində (BMU) 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

SİA-nın məlumatına görə, Universitetdən bildirilib ki, tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev 2025-ci ilin Azərbaycan üçün mühüm siyasi, hüquqi, beynəlxalq uğurlarla yadda qaldığını önə çəkib. Rektor vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu il ölkəmizin dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan qərarlar qəbul olunub, Azərbaycanın suverenliyi, iqtisadi gücü və beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi, davamlı sülhün əldə olunması istiqamətində ardıcıl, məqsədyönlü addımlar atılıb. Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat-logistika, ticarət, innovasiya və rəqəmsal inkişaf sahələrində yeni üfüqlər fəth edib. Azərbaycanın Şərq-Qərb və Orta Dəhliz üzrə aparıcı mövqeyini qeyd edən Yaqub Piriyev bildirib ki, ölkəmiz Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat qovşaqlarından birinə çevrilib. Prezidentin ABŞ, Çin və digər ölkələrə səfərləri zamanı imzalanan sənədləri ayrıca vurğulayan rektor deyib ki, hazırda Azərbaycan dünyanın aparıcı güclərinin strateji tərəfdaşı kimi çıxış edir.

Çıxışında ilin yekunları kontekstində universitetin fəaliyyətinə toxunan Yaqub Piriyev son iki ildə əldə olunan nailiyyətləri nəzərə çatdırıb. Bildirib ki, BMU-ya tələbə qəbulunun və universiteti seçən yüksək bal toplamış abituriyentlərin sayı iki dəfəyə yaxın artıb, ali məktəbə maraq əhəmiyyətli şəkildə yüksəlib. 2025-ci ildə beynəlxalq əməkdaşlıq sahəsində qazanılan uğurları sadalayan Yaqub Piriyev Çin ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirildiyini, Pekin Kimya Texnologiya Universiteti ilə bakalavriat səviyyəsində ilk ikili diplom proqramının bu ildən icra olunduğunu, eləcə də bu ölkənin digər universitetləri ilə oxşar proqramların hazırlanması istiqamətində fəal iş aparıldığını söyləyib. Rektor BMU-nun QS beynəlxalq reytinqində ciddi irəliləyiş əldə etdiyini, ilk minliyə daxil olduğunu və bu istiqamətdə görülən işlərin sistemli aparıldığını deyib. Eyni zamanda universitet müəllimlərinin elmi uğurları, tədqiqat fəaliyyətlərini xüsusi vurğulayan rektor, innovativ layihələrlə çıxış edən BMU Texnoparkının nüfuzlu beynəlxalq platformalara seçildiyini qeyd edib. İl ərzində tələbə və əməkdaşların sosial, ictimai sahələrdə qazandıqları nailiyyətlərə toxunan Yaqub Piriyev, həmçinin maddi-texniki bazanın gücləndirilməsi istiqamətində atılan addımları nəzərə çatdırıb.

Çıxışının sonunda rektor ölkəmizdə bütün sahələrdə əldə edilən uğurların Azərbaycan xalqının birliyi, dövlətimizin gücü və Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən, milli maraqlara əsaslanan siyasətinin nəticəsi olduğunu bildirib. Eyni zamanda, BMU kollektivini bayram münasibətilə təbrik edərək, ən xoş arzularını dilə gətirib.

Tədbir universitetin bədii özfəaliyyət kollektivinin hazırladığı əyləncəli proqramla davam edib.