...Ukrayna Prezidenti Vladimir Zelenski tezliklə ABŞ Prezidenti Donald Trampla sülh planı ilə bağlı görüşəcək.
SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna lideri bunu Telegram-da açıqlayıb.
Ukrayna prezidentinin sözlərinə görə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ona Amerika tərəfi ilə son əlaqələri barədə məlumat verib.
...Bir gün də boşa getmirik. Yaxın gələcəkdə ən yüksək səviyyədə - Prezident Trampla - görüşə razılaşdıq. Yeni ilə qədər çox şey qərarlaşdırıla bilər, - deyə Zelenski bildirib.
Dünən, 24 dekabrda Ukrayna Prezidenti Vladimir Zelenski sülh planının 20 bəndini ilk dəfə açıqlayıb.
Ukrayna prezidenti Kiyev və Vaşinqtonun ərazi məsələləri və Zaporojye Atom Elektrik Stansiyasına nəzarət məsələsində hələ də fikir ayrılığına malik olduğunu təsdiqləyib.
Buna baxmayaraq, o, danışıqları "əhəmiyyətli dərəcədə irəliləyiş" adlandırıb. Zelenskinin sözlərinə görə, Kiyev ABŞ-ı hazırkı təmas xətti boyunca atəşkəs təklif etməyə inandırmağa çalışır.
Bu arada, Ukrayna liderinin sözlərinə görə, Rusiya bir sıra bölgələrdən qoşunlarını çıxarmağa hazır olduğunu bəyan edir, lakin Ukraynanın Donetsk bölgəsində işğal etdiyi ərazilərdən çıxmasını tələb edir.
Ukrayna prezidenti bu ərazilərin geri çəkilməsinin qeyri-mümkün olduğunu, çünki bunun qanunsuz olacağını və referendum tələb edəcəyini vurğulayıb.
Zelenski atəşkəs əldə edilərsə, "mümkün qədər tez" prezident seçkiləri keçirməyə hazır olduğunu bildirdi. Onun sözlərinə görə, atəşkəs sazişin imzalandığı gün qüvvəyə minəcək və beynəlxalq vasitəçilər tərəfindən izləniləcək.
Ukrayna həmçinin AB-yə inteqrasiyanın sürətləndirilməsini, genişmiqyaslı yenidənqurma proqramını və çay və dəniz ticarətinin təhlükəsizliyini təmin etmək üçün Rusiya ilə razılaşma gözləyir.
Əli Babayev