“AZAL qəzasının istintaqında Rusiya tərəfindən xitam qərarı narahatlıq doğurur” - XİN rəhbəri

26 Dekabr 2025 17:02 (UTC+04:00)

"AZAL təyyarəsi ilə bağlı Rusiya istintaq komitəsi tərəfindən cinayət işinə xitam verilməsi ciddi suallar doğurur".

SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekunlarına dair hesabatının təqdimatı zamanı media nümayəndələrinin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, Rusiya istintaq komitəsi Azərbaycana AZAL-ın təyyarə qəzasının istintaqı ilə bağlı məktub göndərib:

“Məktubda bizim üçün çox ciddi təəccüb doğuran məqamlar vardı. Əsas məsələ o idi ki, məktubda artıq cinayət işinə xitam verildiyi qeyd olunurdu. Şübhəsiz, belə bir addım bizdə çox ciddi suallar doğurur. Və sözügedən məktuba müvafiq qurum tərəfindən lazımi cavab göndərilib”.

Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı gözləntisi Rusiya tərəfinin öhdəliklərini icra etməsidir:

“Dünən təyyarə faciəsinin ildönümü idi. Faciədə həlak olanların ailələrinə başsağlığı verirəm. Təyyarənin vurulması faktı bir müddət sonra Rusiya tərəfindən etiraf edildi və kompensasiyanın ödəniləcəyi bildirildi. Bu çox vacib açıqlama idi. Bizim gözləntimiz də bu prosesin tam icrasıdır”.