TURAN ÇAĞI – YENİ LAYİHƏ

26 Dekabr 2025 16:33 (UTC+04:00)

Türk dünyasının birlik və bütövlüyünü, türk xalqlarının dostluq və qardaşlığını media üzərindən tərənnüm edən yaradıcılıq nümunələri sırasına bir möhtəşəm layihə də qoşulub. Qardaş Türkiyənin “Can Azerbaycan Media” qrupunun sahibi Namık Kamal Yıldırımın və Azərbaycanda media sahəsində çalışan Vəli Vəlili və Vüqar Vəliyevin birgə layihəsi olan “Turan çağı” televiziya proqramı fəaliyyətə başlayıb.

İlk olaraq Türkiyədə yayımlanan veriliş bütün türk dünyası ölkələrinin xalqlarının bir-birini daha yaxından tanımasını və ortaq tarixi irslərindən güc alaraq, Krım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi, türkçülük hərəkatının tanınmış siması İsmayıl Qaspiralının dediyi kimi “dildə, düşüncədə, əməldə birlik” anlayışı davamlı olmasını təmin etmək üçün bütün imkanlarını səfərbər etməyi hədəfləyir. “Turan çağı” televiziya proqramı 2026-cı ilin yanvar ayından etibarən Türkiyədən bütün türk dünyasına və rəqəmsal kanallar vasitəsilə dünyaya yayımlanan TMB TV-də tamaşaçılarla mütəmadi olaraq görüşə gələcək.

Qeyd edək ki, artıq TMB TV-də "TURAN ÇAGI" proqramının tanıtım çarxı yayımlanmağa başlayıb.

5–6 dəqiqəlik tanıtım video-çarxında min illərin dərinliyindən gələn bir çağırış var… Bu, təkcə tarix deyil, bu, birliyin, gücün, gələcəyin səsidir… Bu, böyük Turandır. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Macarıstan və Türk toplumlarından görüntülərdə dünyanın dörd bir yanında yaşayan 300 milyondan çox türkün ortaq kök, ortaq dil, ortaq yaddaşı, ən önəmlisi isə ortaq gələcəyi təsvir edilir.

Turan düşüncəsinin keçmişdə qalmadığı, böyük xaqanlar, sərkərdələr, düşüncə adamlarının bu ideyanı yaşatdıqları vurğulanır. Bu gün Turan artıq xəyal deyil, ortaq ordu, ortaq iqtisadi zona, ortaq enerji layihələri, bütün bunlar Türk dünyasının yüksələn yeni qlobal gücü kimi təqdim olunur.

Turanın təməli qardaşlıqdır. Eyni mahnıları oxuyan, eyni süfrəyə oturan, eyni dəyərləri yaşayan bir böyük ailədir. Güclü iqtisadiyyat, güclü ordu, güclü elm… Turan gələcəyin adıdır, gənclərin yaratdığı yeni dünyadır. Bu bir ideya deyil, bir çağırışdır. Biz birləşdikcə güclənirik. Biz birlikdə… Turanıq!

Yeni layihənin əsas məqsədi Türk dünyasını birləşdirən ortaq dəyərləri göstərmək, birliyimizi təmin edən bütün imkan və yolları dəyərləndirməkdir.