“907-ci düzəliş ABŞ-Azərbaycan münasibətlərinə mane olan köhnəlmiş yanaşmadır”

26 Dekabr 2025 16:12 (UTC+04:00)

"2025-ci il üçün hazırlanan məsələlər çərçivəsində insan hüquqları mövzusu Vaşinqtonda keçirilən müzakirələrin əsas məsələlərindən biri olub. Prezidentdən sonra onun administrasiyası dövründə də 907-ci düzəlişin ləğv olunması ilə bağlı bir neçə təşəbbüs irəli sürülüb".

SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat zamanı media nümayəndələrinin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, 907-ci düzəlişin saxlanılması hüquqi və siyasi məntiqə əsaslanmayan köhnəlmiş bir yanaşmadır və ABŞ-Azərbaycan münasibətlərinin inkişafına mane olur:

“Onun mövcudluğu ədalətsizlikdir və aradan qaldırılmalıdır. Biz bu düzəlişin ləğvi üçün uzun illərdir təşəbbüslər göstəririk və müxtəlif platformalarda, konqreslərdə, ekspert dairələrində məsələ qaldırılıb. Lakin müəyyən dairələrin müqaviməti hələ də qalır”.

Ceyhun Bayramov əlavə edib ki, bu qanunun ləğvi həm Azərbaycan-ABŞ münasibətlərinə yeni nəfəs verəcək, həm də regiondakı geosiyasi dəyişikliklər fonunda səmərəli əməkdaşlıq imkanlarını artıracaq:

“Bu baxımdan amerikalı tərəfdaşlardan real addımlar atmalarını gözləyirik”.