“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Azərbaycanın müstəqillik tarixindəki ən qiymətli sərvətlərdən biridir. Bu gün yalnız milli azadlığımızın deyil, həm də tarixi proseslərin, dövlətlərarası münaqişələrin və imperiyalar tərkibində yaşanan çətinliklərin nəticəsi olaraq bölünmüş soydaşlarımızın vahid bir millət kimi birliyini simvolizə edir”. Bu sözləri SİA-ya açıqlamasında Millət vəkili Zahid oruc bildirib.
Onun sözlərinə görə, ötən illər ərzində Ulu Öndərin iradəsi ilə formalaşan Azərbaycan diaspor mərkəzləri, lobbi birlikləri və beynəlxalq təşkilatlar milli hədəflərə, xüsusilə torpaqların bütövlüyünün təmin edilməsinə yönəlmişdir:
”Qürurla söyləyə bilərik ki, Azərbaycan məğlubiyyət dövründən həmrəyliyə və zəfər erasına doğru irəliləmişdir.
Bu birliyin vacibliyi yalnız keçmişdə deyil, indiki və gələcək nəsillər üçün də aktualdır. Hər bir Azərbaycanlı yaşadığı ölkədə milli kimliyini qorumaq, dilini saxlamaq və institusional, elmi, texnoloji və iqtisadi sahələrdə gücünü artırmaq məqsədini ön planda tutmalıdır. Cənab Prezident İlham Əliyev xarici səfərlərdə soydaşlarla görüşləri xüsusi diqqətdə saxlayır və Dünya Azərbaycanlılarının konqresləri, forumları vasitəsilə türk dünyası ilə birgə qlobal güc yaratma istiqamətində strateji proqramlar həyata keçirilir.
Milli birliyin tarixi nümunələrindən biri də 44 günlük Vətən Müharibəsidir. Bu müharibədə hər bir Azərbaycanlı öz silahı ilə düşmənə qarşı vuruşmuş, birlik və həmrəylik nəticəsində qələbə qazanılmışdır. Bu zəfər yalnız tarixi bir hadisə deyil, həm də gələcək nəsillərə ötürülməsi vacib olan milli sərvətdir.
Hazırda regionda və dünyada gedən qlobal proseslər Azərbaycan üçün yeni çağırışlar yaradır. Ölkəmizin qələbəsini qorumaq, 50 milyonluq Azərbaycan xalqının dünyada vahid bir millət kimi iradəsini nümayiş etdirməsi üçün hər zamankından daha vacibdir. Bu baxımdan bayramın ən böyük əhəmiyyəti milli həmrəyliyi gücləndirmək, liderin ətrafında sıx birləşmək və ideallara sədaqəti davam etdirməkdir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız tarixi bir hadisə kimi deyil, həm də milli birliyin, həmrəyliyin və gələcək zəfərlərə doğru irəliləməyin simvolu olaraq qeyd edilir”.