"Bu qərar inkişafda strateji əhəmiyyət daşıdığını bir daha təsdiqləyir" - ŞƏRH EDİLDİ

26 Dekabr 2025 13:33 (UTC+04:00)

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı ili ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan etməsi müasir Azərbaycan dövlətinin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu Sərəncam şəhərsalma və memarlığın yalnız texniki sahə olmadığını, eyni zamanda mədəni, sosial və ideoloji məzmun daşıdığını aydın şəkildə nümayiş etdirir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan memarlıq məktəbinin formalaşması və inkişafında Ulu Öndər Heydər Əliyevin rolu əvəzsizdir:

"O, hələ sovet dövründə respublikaya rəhbərlik etdiyi illərdə şəhərsalma və memarlıq sahəsinə kompleks və sistemli yanaşma tətbiq etmiş, milli memarlıq irsinin qorunmasını dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi nəticəsində şəhərlərin planlaşdırılması, yeni yaşayış məhəllələrinin yaradılması, tarixi və memarlıq abidələrinin mühafizəsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

1981-ci ildə qəbul olunmuş “Azərbaycan SSR-də şəhərsalma, memarlıq və arxeologiya abidələrinin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması haqqında” qərar bu sahədə hüquqi və institusional bazanın möhkəmləndirilməsində mühüm rol oynamışdır. Həmin sənəd milli memarlıq irsinin mühafizəsi ilə müasir tikinti prinsiplərinin uzlaşdırılmasına şərait yaratmışdır.

Ulu Öndərin müəyyənləşdirdiyi bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ərzində ölkənin bütün bölgələrində həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq layihələri şəhərsalmanın yeni keyfiyyət mərhələsinə yüksəldiyini göstərir. Bakı şəhərində, regionlarda və ən ucqar yaşayış məntəqələrində icra olunan layihələr müasir urbanistik yanaşmanın formalaşdığını təsdiqləyir.

Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri Azərbaycan şəhərsalma modelinin innovativ mahiyyətini aydın şəkildə ortaya qoyur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tətbiq edilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları memarlığın insan mərkəzli, təhlükəsiz, ekoloji cəhətdən dayanıqlı və funksional yaşayış mühitinin yaradılmasına xidmət etdiyini nümayiş etdirir. Azərbaycan zəngin və çoxşaxəli memarlıq ənənələrinə malikdir. Müxtəlif bölgələrdə formalaşmış memarlıq məktəbləri xalqımızın estetik düşüncəsini, dünyagörüşünü və həyat tərzini əks etdirir. Müasir dövrdə bu irsin qorunması, eyni zamanda yeni texnologiyalar və ekoloji tələblərlə uyğunlaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.

“Şəhərsalma və Memarlıq İli”nin elan edilməsi bu sahədə peşəkar potensialın gücləndirilməsinə, beynəlxalq təcrübənin öyrənilməsinə və milli memarlıq düşüncəsinin dünya miqyasında tanıdılmasına geniş imkanlar yaradacaq. Bununla yanaşı, bu təşəbbüs şəhərsalma prosesində ictimai məsuliyyətin artırılmasına, yaşayış mühitinə hörmətin formalaşdırılmasına, tarixi abidələrin qorunmasına və ictimai məkanlardan səmərəli istifadəyə xüsusi önəm verildiyini göstərir. Nəticə etibarilə, Prezident İlham Əliyevin imzaladığı bu Sərəncam Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə, maddi mədəni irsə və müasir inkişaf prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Bu qərar şəhərsalma və memarlığın ölkənin gələcək inkişafında strateji əhəmiyyət daşıdığını bir daha təsdiqləyir".