“Uşaqlar öz fikirlərini ifadə edə bilmədikdə ağlamaqla kömək almağa çalışırlar. Məsələn: dərs oxumaq zamanı gəldikdə həmin vaxtı televizorda sevdiyi bir cizgi film başlayırsa, dərs yerinə ona baxmağa üstünlük verəcəkdir. Bu zaman ağlamağa başlayır və ya səhər-səhər məktəbə gedəndə yatağından ağlayaraq qalxır, dərsə ağlayaraq gedir və s. Uşaq davamlı ağlayırsa, bu, onun özgüvən problemi ilə bağlıdır. Belə uşaqlar, həm də öz hisslərini ifadə etməkdən çətinlik çəkirlər. Həmçinin, onlarda stresə davamlılıq da zəif olur. Burada valideynlər diqqətli olmalı və övladlarını dinləməyi bacarmalıdır. Uşaq ağlasa belə, valideyn səbirli davranmalı,onun yanında olmalı, ağlayıb qutarmasını gözləməlidir. Daha sonra onunla danışmalı, “Sən niyə ağladın, nəyə etiraz edirsən?” kimi ifadələrlə onu dinlədiyinizi, onun danışdığına hörmət etdiyinizin mesajını vermiş olursunuz. Çünki valideyni tərəfindən dinlənilməyən uşaqlar daha çox ağlayır. Bu zaman uşaq ona dəyər verilmədiyini başa düşür və özgüvəni aşağı düşür. Ancaq əksinə, onları dinlədiyinizdə, yanında olduğunuzu hiss etdirdiyinizdə belə hallar baş verməz və onlar özlərini güvəndə hiss edərlər. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.
Psixoloq əlavə edib ki, birinci məsələ onları dinləməkdir: “Digər məsələ isə, problemlərini özləri həll etməsi üçün onlara şərait yaradın. Beləliklə, problemlərini özləri həll etməyi bacaran uşaqlar, başqa sözlə, öz fikirlərini ifadə edərək yaranan problemdən çıxış yolu tapan uşaqlar böyüyəndə öz problemlərini sizə yükləməyəcəkdir” – deyə Y.Əsgərova qeyd edib.
Afət Tahirqızı