Sosial Xidmət Xəritəsi istifadəyə verilib

26 Dekabr 2025 12:54 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən yeni rəqəmsal həll olan Sosial Xidmət Xəritəsi hazırlanaraq istifadəyə verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, şəffaflıq, əlçatanlıq və səmərəliliyin daha da artırılması məqsədi daşıyan Sosial Xidmət Xəritəsi ölkə üzrə sosial xidmətləri vahid rəqəmsal platformada cəmləyir və həmin xidmətlərin coğrafi yerləşməsini interaktiv xəritə üzərindən vizual şəkildə təqdim edir.

İstifadəçilər üçün xəritə üzərindən xidmət növləri üzrə axtarış aparmaq, yaşadıqları əraziyə ən yaxın sosial xidmət müəssisəsi və mərkəzləri, icra olunan sosial layihələr, eləcə də inklüziv və mədəni tədbirlər barədə ətraflı məlumat əldə etmək, həmçinin birbaşa müraciət imkanı yaradılıb.

Sosial Xidmət Xəritəsinin yaratdığı imkanlardan faydalanmaq istəyən şəxslər “e-Sosial” portalına (https://socialmap.e-social.gov.az/) daxil olaraq maraqlandıqları müvafiq istiqamət (sosial xidmətlərin coğrafi yerləşməsi, göstərilən xidmət növləri, hədəf qrupları, xidmətə çıxış və müraciət imkanları və s.) üzrə seçim edə bilərlər.

Elektron platforma, eyni zamanda, sosial xidmətlərə ehtiyacı olan həssas əhali qrupları üçün vaxt itkisinin və əlavə müraciət prosedurlarının minimuma endirilməsini təmin edəcək.

Sosial sahədə aparılan islahatların davamı olan Sosial Xidmət Xəritəsi vətəndaş mərkəzli yanaşmanın, rəqəmsallaşmanın və məlumat əsaslı idarəetmənin daha bir nümunəsidir.

Növbəti mərhələdə xəritənin funksional imkanlarının genişləndirilməsi, yeni xidmət istiqamətlərinin əlavə edilməsi və aidiyyəti qurumlarla inteqrasiyanın genişləndirilməsi nəzərdə tutulub.