"Şəhərsalma postmünaqişə dövründə suverenliyin məkan üzərindən təsdiqidir" - POLİTOLOQ DANIŞDI

26 Dekabr 2025 12:07 (UTC+04:00)

"İlk növbədə, bu təşəbbüs postmünaqişə dövrünün legitimləşdirilməsi və normallaşdırılması strategiyasının tərkib hissəsidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri təkcə dağıdılmış infrastrukturun bərpası deyil, dövlət suverenliyinin məkan üzərindən institusional təsdiqidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.

Onun sözlərinə görə, şəhərsalma və memarlıq bu kontekstdə sadəcə fiziki mühitin formalaşdırılması deyil, “qayıdış”, “davamlılıq” və “tarixi ədalətin bərpası” narrativlərinin maddiləşmiş formasıdır: "Dövlət burada məkan üzərində nəzarəti yalnız təhlükəsizlik və inzibati vasitələrlə deyil, estetik, funksional və mədəni planlama ilə də təsbit edir. İkincisi, “Şəhərsalma və Memarlıq İli” milli kimliyin müasir əsaslarla yenidən qurulması baxımından simvolik əhəmiyyət daşıyır. Azərbaycan memarlıq diskursunda milli ornamentika, tarixi irs və müasir qlobal dizayn tendensiyalarının sintezi dövlətin ideoloji mövqeyini əks etdirir: milli köklərə söykənən, lakin qapalı olmayan, modernliyə açıq, texnoloji və ekoloji çağırışlara cavab verən bir kimlik modeli. Bu yanaşma xüsusilə postmünaqişə cəmiyyətində “keçmişin travmasından gələcəyə baxışa keçid” üçün mühüm ideoloji alət rolunu oynayır. Bu həmdə 30 illik urbicid cinayətinin aradan qaldırılması və yeni inkişaf strategoyasının real vaxt çərçivəsində implementasiyası kimi də dəyərləndirlilməlidir.

Üçüncüsü, bu qərar sosial müqavilənin yeni mərhələsini ifadə edir. Dövlət şəhərsalma və memarlıq vasitəsilə vətəndaşa daha keyfiyyətli həyat mühiti, planlı urban inkişaf, ekoloji tarazlıq və sosial inklüzivlik vədi verir. Bu, legitimliyin yalnız təhlükəsizlik və iqtisadi artım üzərindən deyil, yaşayış keyfiyyəti və gündəlik həyatın estetik-funksional təşkilindən qaynaqlandığını göstərən müasir idarəetmə yanaşmasıdır. Nəhayət bu Azərbaaycan dövlətinin vətəndaş cəmiyyətinə olan diqqət və qayğısının memarlıq və yenidənqurma prizmasından olan humanist yanaşmasıdır. Yenilənən Qarabağ İqtisadi Rayonunda yeni inkişaf strategiyası olan "ağıllı şəhər" konsepsiyasının icrası və vətəndaşlar sosial-rifahının yüksəldilməsinə hədəflənmiş dövlət soyasəti kimi qiymətləndirilməlidir".