"Kredit asılılığı ailə iqtisadiyyatını tədricən, lakin dərin və çoxşaxəli risklər qarşısında qoyur. Problem təkcə borcun mövcudluğu deyil, onun gəlirlə uyğun olmayan sürətdə artması və ailənin maliyyə qərarlarında əsas prioritetə çevrilməsidir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.
Onun sözlərinə görə, ailə gəlirlərinin əhəmiyyətli hissəsi kredit ödənişlərinə yönəldikdə, ilkin ehtiyaclar qida, təhsil, səhiyyə və kommunal xərclər ikinci plana keçir. Bu isə ailənin sosial rifahını və həyat keyfiyyətini birbaşa aşağı salır: "Kredit asılılığının əsas təhlükələrindən biri maliyyə elastikliyinin itirilməsidir. Gəlirdə ən kiçik azalma, iş yerinin dəyişməsi və ya gözlənilməz xərclər ailəni dərhal ödəniş gecikmələri ilə üz-üzə qoyur. Bu mərhələdə faizlərin artması, cərimələr və yeni borclar əvvəlki kreditləri bağlamaq üçün istifadə olunur ki, bu da borc spiralını daha da dərinləşdirir. Nəticədə ailə büdcəsi idarəolunmaz hala gəlir və uzunmüddətli maliyyə planlaması tam iflic olur. Digər mühüm risk psixoloji və sosial gərginlikdir. Davamlı borc təzyiqi ailə üzvləri arasında münasibətləri gərginləşdirir, qərarverməni emosional edir və sağlam maliyyə davranışını zəiflədir. Bu, xüsusilə uşaqların təhsil imkanlarına, ailənin gələcək yığım və investisiya potensialına mənfi təsir göstərir. Kredit istehlak məqsədli olduqda və gəlir yaradan mexanizmə çevrilmədikdə, ailənin iqtisadi dayanıqlığı ciddi şəkildə sarsılır.
İqtisadi baxımdan təhlükəli hədd adətən ailə aylıq gəlirinin 30–40 faizindən çoxunun kredit ödənişlərinə yönəlməsi ilə başlayır. Bu səviyyədən sonra risklər sürətlə artır və ailə artıq maliyyə təhlükəsizliyi zonasından çıxmış sayılır. Sağlam yanaşma kreditin yalnız zəruri və gəlirə uyğun hallarda istifadəsini, paralel olaraq isə yığım mədəniyyətinin formalaşdırılmasını tələb edir. Əks halda kredit, maliyyə aləti olmaqdan çıxıb ailə iqtisadiyyatını zəiflədən daimi risk faktoruna çevrilir".