Ağdam Azərbaycanın qayıdış rəmzidir" - ŞƏRH EDİLDİ

26 Dekabr 2025 11:50 (UTC+04:00)

"Azərbaycan Prezidenti İlham Əliyevin Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak etməsi olduqca böyük əhəmiyyət daşıyır və bu hadisə həm Cənubi Qafqaz, həm də dünya ölkələri üçün mesaj xarakteri daşıyır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, onilliklər boyu, o cümlədən Ağdam daxil olmaqla, Azərbaycanın 20 faizə yaxın ərazisi Ermənistanın işğalı altında qalıb və həmin ərazilər tamamilə dağıdılıb: "Şəhərlər və kəndlər erməni vandalizminə məruz qalıb.

Ancaq bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, işğal olunmuş ərazilərini azad edib və bununla paralel olaraq həm hərbi, həm də iqtisadi gücünü bütün dünyaya nümayiş etdirir. İndi bu güc xüsusilə quruculuq sahəsində özünü göstərir. Ermənistanın viran qoyduğu şəhər və kəndlər yenidən bərpa edilir.

Böyük quruculuq prosesinə start verilib, ardıcıl şəkildə yeni yaşayış massivləri salınır və vətəndaşlar həmin ərazilərdə məskunlaşdırılır. Bu, Azərbaycanın güclü dövlət olduğunu sübut edir. Qısa müddətdə dağıdılmış ərazilərdə yüksək səviyyədə yaşayış şəraitinin yaradılması böyük nailiyyətdir. Dünya görür ki, Azərbaycan dağıdılmış əraziləri bərpa etməyə qadirdir və bu prosesi uğurla həyata keçirir. Eyni zamanda, Qarabağ bölgəsində aparılan quruculuq işləri Azərbaycanın tarixi hərbi zəfərini xatırladır və bu qələbənin davamı kimi qiymətləndirilir.

Böyük Qayıdış Proqramı çərçivəsində insanların öz dədə-baba yurdlarına qayıtması isə Azərbaycanın humanitar sahədəki potensialını və əhalinin rifahına verdiyi yüksək önəmi göstərir. Bu da onu deməyə əsas verir ki, Azərbaycan yalnız müharibə meydanında deyil, iqtisadiyyat, sosial inkişaf və yaşayış mühitinin bərpası sahəsində də böyük uğurlar qazanmaqdadır".