"Güclü Azərbaycan güclü həmrəylik deməkdir" - ŞƏRH

26 Dekabr 2025 11:37 (UTC+04:00)

"Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün keçirilməsi və hazırkı vəziyyətdə qeyd olunması xüsusi simvolik məna daşıyır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan tarixinin ən güclü zirvəsini yaşadığı bir dövrdə — Azərbaycanın qlobal siyasətdə ən güclü mövqeyə sahib olduğu, liderimizin xarici və qlobal siyasətin formalaşmasında, gündəmin müəyyən olunmasında fəal rol oynadığı bir zamanda — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü həqiqətən də əlavə bir simvolik məna kəsb edir.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyinin qeyd olunmasının xüsusi önəmi var: "Çünki biz bu günü 2, 3, 5 il əvvəl də qeyd edirdik. Amma o zaman Qarabağ işğal altında idi və bizim həmrəyliyimiz orada təmsil olunmurdu. Lakin bu gün həmrəyliyin ən şərəfli, ən şanlı göstəricisi hər kəndimizdə, hər şəhərimizdə bayrağımızın dalğalanmasıdır.
Cənab Prezidentin öz doğum gününü Xocavənddə, Ağdamda yerli sakinlərlə birgə keçirməsi və orada verdiyi mesajlar bu günün əhəmiyyətini daha da artırır. Bu baxımdan Dünya Azərbaycanlıları olaraq böyük bir qürur hissi keçiririk ki, belə güclü Azərbaycanın olduğu bir zamanda bu həmrəyliyi qeyd edirik.

İnşallah, bundan sonra da ölkəmiz və xalqımız əbədi olacaq. Həmrəyliyimiz də əbədi olacaq və düşmənlərimizə göz dağı, dostlarımıza sevinc gətirəcək. Çünki Dünya Azərbaycanlıları fəxr edirlər ki, onların ana vətəni Azərbaycan bu gün dünyada seçilən və sayılan ölkələrdəndir, Azərbaycan Prezidenti isə dünyada tanınan liderlərdəndir. Bax, bu, bizim həmrəyliyimizi güclü və xüsusi edən amildir".