"ASAN Xidmətin fəaliyyətində tətbiq olunan növbə sistemi vətəndaşlara xidmətin sürətli və səmərəli təşkil olunmasına imkan verir və ümumilikdə çox müsbət qiymətləndirilir". SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin plenar iclası zamanı millət vəkili Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, lakin bəzi dövlət qurumlarında bu sistem hələ tam tətbiq olunmayıb, xüsusilə xəstəxanalarda elektron növbə sisteminin təşkili gecikir və bu da vətəndaşların xidmətə çıxışını çətinləşdirir: "e-hökumət portalı MyGov vasitəsilə səhiyyə xidmətlərinin daha da artırılması və vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində əlavə tədbirlər görülməlidir. Elektron növbə sistemlərinin tətbiqi və rəqəmsal xidmətlərin genişləndirilməsi vətəndaş məmnunluğunu artırmaqla yanaşı, dövlət qurumlarının işini də optimallaşdırır. Bu sahədə qanunvericilik təşəbbüsləri və texnoloji həllərin tətbiqi vacibdir ki, vətəndaşlar hər zaman sürətli, şəffaf və rahat xidmət ala bilsinlər".