"Uşaqlarda davranış pozuntuları diqqətsizliyin nəticəsidir" - ŞƏRH EDİLDİ

26 Dekabr 2025 10:58 (UTC+04:00)

"Uşaqlarda davranış pozuntularının artması müasir dövrdə təkcə fərdi ailə problemləri ilə deyil, daha geniş sosial və psixoloji amillərlə bağlıdır. İlk növbədə ailədaxili münasibətlər mühüm rol oynayır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, valideynlər arasında tez-tez baş verən münaqişələr, emosional soyuqluq, həddindən artıq sərt və ya tam laqeyd tərbiyə üslubu uşağın daxili dünyasında gərginlik yaradır və bu, aqressiya, itaətsizlik, diqqət dağınıqlığı kimi davranışlarla özünü göstərir: "Digər əsas səbəblərdən biri valideyn nəzarətinin zəifləməsi və uşaqlarla keyfiyyətli ünsiyyətin azalmasıdır. Müasir dövrdə valideynlərin iş yükünün artması, uşaqların uzun müddət telefon, planşet və digər rəqəmsal vasitələrlə tək qalması emosional boşluq yaradır. Bu boşluq isə uşağın öz hisslərini düzgün ifadə edə bilməməsinə, narahatlığını davranış pozuntuları ilə ortaya qoymasına səbəb olur. Məktəb və sosial mühit də davranış problemlərinin formalaşmasında əhəmiyyətli faktordur. Akademik təzyiq, müəllim-şagird münasibətlərində empati çatışmazlığı, yaşıdlar arasında zorakılıq və lağ obyektinə çevrilmək uşağın psixoloji tarazlığını pozur. Uşaq özünü müdafiə edə bilmədikdə ya qapanır, ya da aqressiv davranış nümayiş etdirir. Bundan əlavə, cəmiyyətin sürətli və gərgin ritmi, informasiya bolluğu, sosial şəbəkələrdə zorakılıq və neqativ modellərin normallaşdırılması da uşaqların davranışına təsir göstərir. Uşaqlar gördüklərini və müşahidə etdiklərini tez mənimsədikləri üçün mənfi davranış nümunələri onların gündəlik davranışına çevrilə bilir.

Uşaqlarda davranış pozuntuları bir problemin deyil, bir neçə psixoloji, ailəvi və sosial amilin üst-üstə düşməsinin nəticəsidir. Bu problemlərin qarşısının alınması üçün valideynlərin emosional dəstəyi, məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsi və uşaqlarla sağlam ünsiyyət mühitinin yaradılması əsas şərtlərdir".