Azərbaycanla İsrail arasında təhsil və turizm sahələrində əməkdaşlıq imkanları müzakirə olunub

26 Dekabr 2025 10:48 (UTC+04:00)

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) İsrail Dövlətinin Azərbaycandakı səfiri Ronen Krauszun rəhbərlik etdiyi nümayəndə heyəti ilə rəsmi görüş baş tutub.

Görüşdə səfiri Missiya rəhbərinin müavini Aviv Zell və ictimai əlaqələr üzrə müşavir Məleykə Hacıyeva müşayiət ediblər.

ATMU-dan SİA-ya bildirilib ki, görüş zamanı Azərbaycan-İsrail münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, xüsusilə təhsil, turizm, qonaqpərvərlik və innovasiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər ali təhsil müəssisələri arasında birgə layihələrin icrası, tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi, eləcə də turizm sahəsində təcrübə və bilik mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Universitetin rektoru İlham Mədətov İsrail nümayəndə heyəti ilə görüşün iki ölkə arasında akademik və mədəni əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, universitetin turizm və qonaqpərvərlik sahəsində ixtisaslaşmış aparıcı ali təhsil müəssisəsi olduğunu vurğulayıb və deyib: “Bir neçə il əvvəl universitetimizin tələbələri İsraildə ixtisas üzrə təcrübə proqramlarında iştirak ediblər və bu təcrübə həm tələbələrimiz, həm də universitetimiz üçün çox faydalı olub. Biz gələcəkdə də belə imkanları genişləndirmək, tələbələrimizin beynəlxalq səviyyədə təcrübə qazanmasını təmin etmək istəyirik. İsrailin zəngin təhsil və turizm təcrübəsi bu əməkdaşlığın inkişafında böyük rol oynaya bilər”. Rektor əlavə edib ki, ATMU beynəlxalq standartlara uyğun tədris mühiti yaradıb və xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsi universitetin strateji prioritetlərindən biridir.

Səfir Ronen Krausz görüş zamanı səmimi qəbula görə təşəkkürünü bildirərək Azərbaycan ilə İsrail arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, təhsil sahəsində əməkdaşlıq iki ölkə arasında münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır: “Səfərimizin məqsədi ATMU ilə əməkdaşlıq imkanlarını ətraflı müzakirə etməkdir. İsrail universitetləri ilə birgə layihələr həyata keçirmək, tələbələr və müəllimlər üçün təcrübə mübadiləsi proqramlarını genişləndirmək tələbələrinizə yalnız bilik deyil, həm də praktik bacarıqlar qazandıracaq, eyni zamanda, iki ölkənin mədəni və elmi əlaqələrini daha da gücləndirəcək”,- deyə səfir bildirib.

Görüş əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə yekunlaşıb.