İslandiyada Milad ərəfəsində dekabr ayı üzrə temperatur rekordu qeydə alınıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, yerli vaxtla saat 23:00 radələrində İslandiyanın şərq sahilində yerləşən Seydisfyordyur adlı kiçik yaşayış məntəqəsində havanın temperaturu yay göstəricilərinə çataraq 19,8 dərəcə olub.
Meteoroloji müşahidələrin bütün tarixi ərzində altı il əvvəl qeydə alınmış əvvəlki rekord 0,1 dərəcə fərqlə üstələnib.
İslandiya Meteorologiya İnstitutunun meteoroloqları bu rekordu isti hava kütlələrinin və güclü küləyin dağlıq ərazilərdə fen effekti yaratması ilə izah edirlər. Bu effekt zamanı hava aşağı enərkən qızır.
Meteoroloqlar bildiriblər ki, hazırda ölkə üzərindən keçən bu qeyri-adi isti hava kütləsi fonunda İslandiyanın şərqində temperaturun daha da yüksəlməsi istisna edilmir.