Qəza zamanı piyadalar hansı hallarda məsuliyyət daşıyır? - VƏKİL AÇIQLADI

25 Dekabr 2025 17:30 (UTC+04:00)

Azərbaycanda piyada vurma hadisələri ilə bağlı məhkəmə qərarları uzun illərdir müzakirə mövzusudur. Əksər hallarda məsuliyyətin tam şəkildə sürücünün üzərinə qoyulması cəmiyyətdə suallar yaradır. Nəqliyyat üzrə ekspertlər bildirir ki, bəzi işlərdə hadisənin bütün detalları yox, yalnız formal rəylər əsas götürülür.

Bəs, doğrudanmı piyada vurma hadisələrində günah həmişə sürücüdədirmi? Piyadavurma hadisələrində qanunvericilik sürücünü avtomatik günahkar sayırmı? Piyadalar hansı hallarda məsuliyyət daşıyır?

Məsələ ilə bağlı vəkil Elnur Məmmədov SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanda da piyadaların vurulması hallarında sürücülərin məsuliyyətini istisna edən hallar mövcuddur:

“Məsələn, bizim qanunvericilikdə belə bir anlayış var: əgər sürücü piyada gələn yeri görürsə və ya görməlidirsə, lakin diqqətsiz olub görmürsə, o zaman məsuliyyətə cəlb olunur. Amma əgər elə bir yerdədir ki, sürəti azaltmaq imkanı yoxdur və piyada qəfil onun qarşısına çıxırsa, bu kimi hallarda sürücünün məsuliyyəti istisna edilə bilər.

Sadəcə bu halların sübut edilməsi çox çətindir. Azərbaycan reallığında da, ümumiyyətlə də bu, çətin məsələdir. Ekspertlər araşdırmalıdır ki, hadisə doğrudan da elə baş verib və sübut olunsun ki, sürücü istəsə belə, bu qəzanın qarşısını ala bilməzdi.

Bəzi xarici ölkələrin təcrübəsində belə hallar var ki, əgər piyada sürət yoluna çıxıbsa və ya ona ayrılmamış hissədən keçirsə, bu halda qəza baş verərsə, sürücü məsuliyyət daşımır. Amma təəssüf ki, bizim qanunvericilikdə belə bir norma yoxdur”.