Prezident hər zaman idmançıların əməyini yüksək qiymətləndirir

25 Dekabr 2025 18:36 (UTC+04:00)

Prezident İlham Əliyevin Azərbaycan idmanına və idmançılarına göstərdiyi diqqət və qayğıya görə səmimi təşəkkürümü bildirirəm. Dövlətimizin başçısı hər zaman idmançıların əməyini dəyərləndirir, onların fəaliyyətini izləyir və yüksək qiymətləndirir.

SİA-nın məlumatına görə, bu sözləri açıqlamasında dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülən futbol üzrə beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev deyib.

A.Xudiyev qeyd edib ki, bu təqaüd ona 50 illik fəaliyyətinin nəticəsi olaraq təyin edilib: "Bu il mənim Azərbaycan idmanında fəaliyyətimin 50 ili tamam olur. 1975-ci ildə ilk dəfə futbolçu olaraq “Neftçi” heyətinə daxil olmuşdum. Bu gün həmin zəhmətin qarşılığı olaraq təltif olunmaq mənim üçün böyük şərəfdir. Bu təqaüd mənim üçün yalnız maddi dəstək deyil, həm də mənəvi motivasiyadır”.

Gələcək planları barədə də danışan hakim-inspektor əlavə edib: "Sağlamlığım imkan versə, Azərbaycan idmanına xidmət etməyə davam edəcəyəm. Hazırda hakim-inspektor kimi fəaliyyət göstərir, həm yerli, həm də Avropa səviyyəli rəsmi oyunlarda Azərbaycanı təmsil edirəm”.