”Prezident İlham Əliyevin Ağdam şəhərində inşa olunan 2-ci yaşayış kompleksinin açılışında iştirakı və buraya köçən sakinlərlə görüşü işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən sosial yönümlü dövlət siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını bir daha nümayiş etdirir”. Bu sözleri SİA-ya açıqlamasında politoloq Qedir Aslan bildirib.
Onun sözlerine göre, bu tədbir “Böyük Qayıdış” proqramının praktiki icrası baxımından mühüm mərhələ olmaqla yanaşı, regionda dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına yönəlmiş strateji yanaşmanın tərkib hissəsidir.
Ağdam uzun illər ərzində tamamilə dağıdılmış, infrastrukturu məhv edilmiş şəhərlərdən biri olub. Post-münaqişə dövründə burada aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycanın güclü dövlətçilik iradəsini və uzunmüddətli inkişaf strategiyasını əks etdirir. Yeni yaşayış kompleksinin istifadəyə verilməsi yalnız fiziki məskunlaşmanı deyil, eyni zamanda sosial rifahın bərpasını, təhlükəsiz və müasir yaşayış standartlarının təmin olunmasını hədəfləyir.
Prezident İlham Əliyevin sakinlərlə birbaşa ünsiyyəti dövlətin vətəndaş mərkəzli idarəetmə modelinə sadiqliyini göstərir. Bu görüşlər əhalinin sosial problemlərinin, məşğulluq imkanlarının və gündəlik ehtiyaclarının yerində öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının iştirakı ilə keçirilən bu cür açılışlar həm də köçürülən əhali üçün mənəvi-psixoloji dəstək rolunu oynayır, insanların doğma torpaqlara qayıdış prosesinə inamını möhkəmləndirir.
Yeni yaşayış kompleksləri müasir şəhərsalma prinsipləri əsasında inşa olunur, mühəndis-kommunikasiya sistemləri, sosial obyektlər və nəqliyyat infrastrukturu ilə təmin edilir. Bu isə Ağdamın gələcəkdə regionun sosial-iqtisadi inkişaf mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm baza yaradır. Məskunlaşma ilə paralel olaraq təhsil, səhiyyə və sənaye sahələrinin inkişafı da nəzərdə tutulur ki, bu da bölgədə dayanıqlı məşğulluğun təmin olunmasına xidmət edir.
Prezident İlham Əliyevin Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirakı və sakinlərlə görüşü Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi bərpa siyasətinin real nəticələrini nümayiş etdirir. Bu addımlar yalnız keçmişin dağıntılarını aradan qaldırmaqla kifayətlənmir, eyni zamanda Qarabağda uzunmüddətli sülhün, sosial sabitliyin və iqtisadi inkişafın əsasını formalaşdırır”