Son illər daşınmaz əmlak bazarında qiymətlərin davamlı şəkildə artdığı müşahidə olunur. Xüsusilə Bakı şəhərində və ona bitişik qəsəbələrdə ipotekaya uyğun olan mənzillərin qiymətləri daha sürətlə yüksəlir və bu kateqoriyaya aid mənzillər bazardakı digər təklifləri üstələyir. Qiymətlərin artmasına baxmayaraq, İpoteka Fondunun mənzil alışı üçün müəyyən etdiyi maksimum kredit məbləği uzun müddətdir dəyişməz qalır. Bəs, bunun səbəbi nədir?
Məsələ ilə bağlı əmlak üzrə ekspert Anar Nəsirov SİA-ya açıqlamasında bildirib ki, İpoteka Fondu daşınmaz əmlak bazarındakı real qiymət artımlarını nəzərə alaraq kredit limitini artırmalıdır:
"Çünki hazırda 150 min manatlıq maksimum ipoteka məbləği bazarın mövcud reallıqları ilə uzlaşmır və bu vəsaitlə normal, ipotekaya uyğun mənzil tapmaq olduqca çətindir. İnflyasiya və mənzil qiymətlərindəki artım nəzərə alınmaqla ipoteka limitinin hər il yenidən qiymətləndirilməsi daha məqsədəuyğun olardı. Bu addım ipotekaya marağı artırmaqla yanaşı, vətəndaşların mənzil əldə etməsini də nisbətən asanlaşdıra bilər. Hazırda isə Bakı və ətraf qəsəbələrdə, xüsusilə mərkəzə yaxın ərazilərdə 150–250 min manat aralığında ipotekaya uyğun mənzil tapmaq getdikcə çətinləşir. Bu baxımdan, ipoteka limitinin mərhələli şəkildə artırılması vətəndaşların üzləşdiyi problemlərin azalmasına kömək edə bilər. Belə bir yanaşma daha geniş əhali qrupunun ipoteka vasitəsilə mənzil sahibi olmasına şərait yaradar. Mövcud limit isə bazardakı real qiymətlərlə uyğun gəlmir və bir çox hallarda alıcıları əlavə maliyyə çətinlikləri ilə üz-üzə qoyur. Ümumilikdə, 150 min manata qədər olan mənzillər əsasən şəhər kənarında yerləşir və bu qiymətə uyğun, yaşayış üçün əlverişli mənzil tapmaq ildən-ilə daha da çətinləşir".