"Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi barədə imzaladığı sərəncam dövlətimizdə uzunmüddətli davam edən inkişaf strategiyasının ardıcıl davamıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, bu mühüm sərəncam Azərbaycanın quruculuğunun keyfiyyətcə yeni mərhələyə keçidini, müasir memarlıq yanaşmaları ilə milli-mədəni irsin vəhdətinin əyani nümunəsini nümayiş etdirir: "Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları uğurla icra olunur.
Xüsusilə bu quruculuq təkcə paytaxt Bakıda deyil, bölgələrdə də müasir şəhərsalma standartlarına uyğun infrastruktur layihələrinin həyata keçirilməsi, yaşayış məkanlarının yenilənməsi və ictimai mühitin yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Bu gün Azərbaycan şəhərsalma, memarlıq, tikinti və bərpa işləri sahəsində özünəməxsus Azərbaycan modeli ortaya qoyub. Bu nailiyyətlər hər birimizin qürur duyduğu uğurlardır. Zaman keçdikcə bu layihələr tam şəkildə reallaşdıqca, insanların Qarabağa və Şərqi Zəngəzura köçürülməsi təmin olunacaq, vətəndaşlar öz doğma yurdlarına qayıdaraq layiqli həyat şəraitində yaşayacaqlar".