"Qarabağda normal həyat yenidən bərpa olunur" - ŞƏRH

25 Dekabr 2025 15:43 (UTC+04:00)

"Qarabağa qayıdış prosesi davam edir, insanlar mərhələli şəkildə köçürülür və öncədən onlar üçün bütün zəruri şərait yaradılır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rizvan Hüseynov deyib.

Onun sözlərinə görə, bu məsələ ölkə başçısının daim diqqətində və şəxsi nəzarətindədir: "Qarabağda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, infrastruktur yenidən qurulur, təhlükəsizlik tədbirləri gücləndirilir. Xüsusilə mina təhlükəsinin aradan qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır ki, bu da əhalinin təhlükəsiz və rahat şəkildə doğma torpaqlarına qayıtmasını təmin edir.

Eyni zamanda, yaşayış şəraitinin təmin olunması əsas prioritetlərdən biridir. Müasir yaşayış məntəqələri salınır, iş yerləri yaradılır, sosial təminat tədbirləri həyata keçirilir. Tədris prosesi də tədricən bərpa olunur, yeni təhsil müəssisələri inşa edilir, mövcud məktəblər müasir standartlara uyğun şəkildə təchiz edilir. Bütün bunlar bölgədə dayanıqlı və uzunmüddətli inkişafın əsasını qoyur, insanların normal həyat ritminə qayıtmasına imkan yaradır.

Bu proses təkcə sosial-iqtisadi baxımdan deyil, həm də rəmzi və mənəvi baxımdan çox böyük əhəmiyyət daşıyır. Çünki uzun illər ərzində ölkə başçısı ənənəvi olaraq öz ad günlərini məcburi köçkünlər və qaçqınlarla birlikdə keçirir, onların ağrı-acılarını bölüşür, problemlərinə diqqət göstərirdi. Bu gün isə həmin insanların taleyində yeni bir mərhələnin başlanğıcında birbaşa iştirak edir, onların həyat şəraitinin yaxşılaşdırılmasını və doğma torpaqlarına qayıdışını Qarabağda şəxsən özü həyata keçirir. Bu, həm tarixi ədalətin bərpası, həm də xalq–lider birliyinin bariz nümunəsidir".