"Xankəndi şəhəri yenidən qurulur və bərpa olunur. "Xankəndi-1" elektrik stansiyasının istifadəyə verilməsi, yarımstansiyanın istismara verilməsi praktik olaraq şəhərin elektrik enerjisi ilə təminatı baxımından vacibdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, cənab Prezident İham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri, infrastrukturun formalaşması və iqtisadiyyatın inkişafı müşahidə olunur:
"Bu da nəticə etibarilə həm Xankəndi şəhərində, həm də digər bölgələrimizdə kommunal xidmətlərin müasir standartlara uyğun olaraq qurulması və infrastrukturun inkişafı üçün ciddi baza və zəmin yaradır. "Xankəndi-1" elektrik yarımstansiyasının istifadəyə verilməsi bir daha təsdiq edir ki, Cənab Prezidentin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda bərpa prosesi və infrastrukturun inkişafı sürətlə davam edir. Bu, təbii ki, məskunlaşma prosesinə də müsbət təsir göstərir. Artıq qısa müddət ərzində Qarabağ bölgəsində 65 mindən çox vətəndaş məskunlaşıb, işləyir və yaşayır. Ümumilikdə isə bu ərazilərin bərpasına dövlət büdcəsindən 23 milyard manata yaxın vəsait yönləndirilib. Bütün bunlar bir daha göstərir ki, Qarabağ və Şərqi Zəngəzur çox qısa zamanda Azərbaycanın yeni iqtisadi inkişaf drayverinə çevriləcək".