"31 Dekabr – Həmrəylik Günüdür. Dünya Azərbaycanlılarının Həmrəylik Günü eyni zamanda ilin yenilənməsi günüdür. Belə deyək, yeninin gəlişini qarşılayırıq". Bu sözləri SİA-ya açıqlamasında "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.

Onun sözlərinə görə, bu, Azərbaycan xalqı, millətimiz üçün ikiqat bayramdır: "Hər iki bayramı birlikdə qeyd edirik. Bu, həmrəyliyimizi göstərir. Həm də bu həmrəyliyi biz yeni ilin gəlişi ilə birgə qarşılayırıq. Bu həmrəyliyimizdə sanki bir yenilik, bir təravət hiss olunur. Düşünürük ki, bu həmrəylik daha da güclənəcək. İnşallah, bu, bir ömür boyu belə davam edər.
Xalqımız həmişə yaxşı günlərdə bir yerdə sevinib. Allah xalqımıza, millətimizə bir daha müharibə görməyi qismət etməsin. Hər zaman həmrəy olaq, bir-birimizi olduğu kimi qəbul edək. Mən düşünürəm ki, bu həmrəylik əsrlərlə davam edəcək.
Məncə, xalqımız ünsiyyətdə daha səmimidir. Bu, süni xarakter daşıya bilməz. Ən azından ona görə ki, biz böyük hegemon dövlətlərin yanında kiçik dövlət olsaq da, həmişə bir-birimizə dayaq olmuşuq. Xarici təzyiqlərə, düşmənlərə qarşı birlikdə mübarizə aparmışıq. Bəlkə də məhz bu səbəbdən düşmənin təzyiqlərinə qarşı özümüzü müdafiə etmək üçün bu həmrəyliyə sığınmışıq. Otuz ildən çox torpaqlarımız işğal altında idi. Amma 44 günlük Vətən müharibəsində biz həmrəy olmasaydıq, bu Qələbəni qazana bilməzdik. Ali Baş Komandanımızın iradəsi, Müzəffər Ordumuzun gücü ilə bu torpaqları azad etdik. Mənə elə gəlir ki, bu qələbənin analoqu yoxdur.
Bir Azərbaycan vətəndaşı olaraq qürurla deyə bilərəm ki, bizim həmrəyliyimiz həqiqidir, səmimidir. Heç kim bu həmrəyliyə kölgə sala bilməz. Əsl azərbaycanlı olan hər kəs bunu belə qəbul edər. Mən də o vətəndaşlardan biriyəm – xalqımı, millətimi, torpağımı, vətənimi anam qədər sevirəm. Düşünürəm ki, gələcək nəsillər də bu həmrəyliyi davam etdirəcək, 44 günlük müharibə onlara daim örnək olacaq".