Azərbaycan–Çin ikitərəfli münasibətlərinə həsr olunmuş illik mətbuat brifinqi keçirilib. SİA xəbər verir ki, tədbirdə Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey çıxış edərək ötən il ərzində iki ölkə arasında münasibətlərin inkişafına dair yekunları təqdim edib.
Səfir Lu Mey bildirib ki, 2025-ci il Çin–Azərbaycan münasibətləri üçün son dərəcə məhsuldar olub, davamlı irəliləyiş və mühüm nəticələrlə yadda qalıb. Onun sözlərinə görə, Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin strateji rəhbərliyi altında ikitərəfli münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksələrək tarixdə ən yüksək səviyyəyə – hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
Lu Mey vurğulayıb ki, dövlət başçılarının diplomatiyası münasibətlərin inkişafında əsas hərəkətverici qüvvə rolunu oynayır. Prezident İlham Əliyevin Çinə həyata keçirdiyi səfərlər, bu səfərlər çərçivəsində imzalanmış Birgə Bəyanat və çoxsaylı əməkdaşlıq sənədləri Çin–Azərbaycan münasibətlərində yeni mərhələ açıb.
Səfir qeyd edib ki, siyasi qarşılıqlı etimadın möhkəmlənməsi fonunda praktiki əməkdaşlıq da sürətlə genişlənir. İqtisadi və ticarət əlaqələri dinamik inkişaf edir, ticarət dövriyyəsi ardıcıl olaraq artır və yeni rekordlara doğru irəliləyir. Çin Azərbaycanın ən böyük idxal mənbələrindən biri olaraq qalır, investisiya, texnologiya, enerji və nəqliyyat sahələrində əməkdaşlıq isə daha da dərinləşir.
Çıxışında bərpa olunan enerji, nəqliyyat-logistika və sənaye sahələrində həyata keçirilən birgə layihələrin əhəmiyyətini xüsusi vurğulayan Lu Mey bildirib ki, Çin şirkətləri Azərbaycanın yaşıl enerji strategiyasına fəal töhfə verir. Külək və günəş enerjisi layihələri ölkənin enerji potensialının genişlənməsinə xidmət edir.
Səfir, həmçinin Çin və Azərbaycanın BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalar çərçivəsində bir-birini dəstəklədiyini diqqətə çatdırıb. O qeyd edib ki, tərəflər çoxtərəfli əməkdaşlığı gücləndirməyə, Qlobal Cənub ölkələrinin ümumi maraqlarını qorumağa və bəşəriyyət üçün vahid taleyə malik cəmiyyətin qurulmasına töhfə verməyə hazırdır.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına həyata keçirdiyi səfərlərə həsr olunmuş videoçarx nümayiş etdirilib.