"Mən qeyd etmək istəyirəm ki, bu metodika hazırlanarkən minimum əmək haqqının hesablanması müasir metodologiya əsasında həyata keçirilir. Təbii ki, bu yanaşmaya tənqidi və skeptik baxanlar var və bu başadüşüləndir. Burada söhbət minimum səviyyədən gedir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.
Onun sözlərinə görə, əgər kimsə dəbdəbəli həyat tərzi yaşamaq istəyirsə, bu minimum əməkhaqqı ilə mümkün deyil: "Burada əsas məqsəd minimum yaşayış səviyyəsinin təmin olunmasıdır. Çox vaxt bizi digər ölkələrlə müqayisə edirlər, lakin Azərbaycanın müəyyən fərqli xüsusiyyətləri var. Məsələn, ölkədə əhalinin təxminən 90 faizi şəxsi evdə yaşayır və icarə xərci yoxdur. Türkiyə kimi ölkələrdə isə minimum əmək haqqı hesablanarkən əhalinin böyük hissəsinin kirayədə yaşaması və yüksək icarə xərcləri də nəzərə alınır. Azərbaycanda bu baxımdan vəziyyət fərqlidir. Kənd yerlərinə nəzər salsaq, torpaq sahələrinin mövcudluğu və təsərrüfat imkanları əlavə üstünlük yaradır. Bəzi insanlar buna baxmayaraq narazılıq edirlər, lakin torpağın olması artıq əlavə imkan deməkdir. Xarici ölkələrdə boş torpaq tapmaq çətindir, Azərbaycanda isə bu baxımdan fərqli şərait mövcuddur.
Bundan əlavə, ölkədə subsidiyalar və sosial yardımlar mövcuddur. İstər kənd təsərrüfatı sahəsində, istərsə də ümumi sosial təzminatlar çərçivəsində aztəminatlı ailələrə dəstək göstərilir. Ayrı-ayrı dövlət proqramları həyata keçirilir və hesab edirəm ki, bu yanaşma real şəraitə maksimum dərəcədə uyğunlaşdırılıb. Təbii ki, müəyyən çətinliklər və uyğunsuzluqlar ola bilər. Lakin ümumi mənzərə onu göstərir ki, bu sahədə müəyyən uyğunluq mövcuddur. Bir daha vurğulamaq lazımdır ki, burada söhbət minimum əmək haqqından gedir".