"Qarabağ Universitetində inkişaf region üçün strateji əhəmiyyət daşıyır" - EKSPERT DANIŞDI

25 Dekabr 2025 14:40 (UTC+04:00)

"Universitetlərin regionlara köçürülməsi, yalnız təhsil müəssisələrinin coğrafi yerinin dəyişdirilməsi deyil, eyni zamanda geniş sosial-iqtisadi və mədəni təsirlərə malik strateji bir addımdır". Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun sözlərinə görə, bu prosesin özünəməxsus mənası var, çünki şəhərlərdəki sıxlığın azalmasına və regionlarda əlavə inkişafa şərait yaradır: "Qarabağ Universitetində gedən inkişaf və yeni fakültələrin açılması, yalnız təhsil imkanlarının genişlənməsinə xidmət etmir, həm də regionda iş yerlərinin artmasına, yerli infrastrukturun inkişafına və sosial-iqtisadi strukturların güclənməsinə müsbət təsir göstərir. Beləliklə, universitetlərin regionlara köçürülməsi uzunmüddətli perspektivdə həm tələbələr, həm müəllim heyəti, həm də ümumilikdə region ictimaiyyəti üçün əhəmiyyətli faydalar yaradır.

Digər tərəfdən, şəhər mərkəzlərində, xüsusilə Bakıda yerləşən universitetlərlə müqayisədə, region universitetlərinin sakit və rahat mühitdə fəaliyyət göstərməsi tələbələr üçün öyrənmə prosesini daha əlverişli edir. Tələbələr dərslərə daha yaxşı konsentrasiya ola, elmi-tədqiqat fəaliyyətlərinə daha çox vaxt ayıra və yaradıcılıq potensiallarını tam şəkildə inkişaf etdirə bilərlər. Bu, yalnız akademik nailiyyətlərin artmasına səbəb olmaqla qalmır, həm də tələbələrin psixoloji və sosial rifahına müsbət təsir göstərir.

Eyni zamanda, region universitetlərinin fəaliyyəti yerli icmaların mədəni və sosial həyatının zənginləşməsinə də şərait yaradır. Müxtəlif seminarlar, konfranslar, elmi layihələr və mədəni tədbirlər, regionun inkişafına əlavə töhfə verir və tələbələr ilə yerli əhali arasında əməkdaşlıq əlaqələrini gücləndirir. Beləliklə, universitetlərin regionlara köçürülməsi həm təhsil, həm iqtisadi, həm də sosial baxımdan kompleks bir inkişaf strategiyası kimi qiymətləndirilə bilər".