"Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması dövlətin gələcəyə hesablanmış inkişaf yanaşmasını açıq şəkildə ortaya qoyur. Bu qərar göstərir ki, şəhərsalma Azərbaycanda artıq təkcə tikinti və dizayn məsələsi deyil, sosial rifahın, təhlükəsizliyin və idarəetmə keyfiyyətinin bir hissəsi kimi qəbul olunur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.
Onun sözlərinə görə, Post-münaqişə dövründə bu qərarın ayrıca siyasi mənası var: "İşğaldan azad edilmiş ərazilərdə aparılan şəhərsalma işləri Azərbaycanın qələbədən sonra da ardıcıl, planlı və uzunmüddətli strategiya ilə hərəkət etdiyini göstərir. Qarabağ və Şərqi Zəngəzurda qurulan yeni yaşayış məkanları dövlət suverenliyinin real və davamlı əsaslar üzərində möhkəmləndirildiyini nümayiş etdirir. Ümumilikdə, “Şəhərsalma və Memarlıq İli” Azərbaycanın keçmişi bərpa etməklə kifayətlənmədiyini, eyni zamanda gələcəyin dövlət modelini qurduğunu göstərən aydın siyasi mesajdır. Bu, planlı inkişafı, milli kimliyi və müasirliyi birləşdirən dövlət yanaşmasının ifadəsidir.
Bununla yanaşı, bu təşəbbüs şəhər mühitinin insan mərkəzli yanaşma əsasında formalaşdırılmasına xüsusi önəm verildiyini də göstərir. Yaşayış məkanlarının ekoloji dayanıqlılıq, rəqəmsal texnologiyalar, nəqliyyat əlçatanlığı və sosial infrastrukturla uzlaşdırılması dövlətin uzunmüddətli urbanizasiya siyasətinin əsas prioritetlərindən birinə çevrilir. Bu isə yalnız fiziki məkanların deyil, bütövlükdə şəhər həyatının keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Eyni zamanda “Şəhərsalma və Memarlıq İli” regionların balanslı inkişafı baxımından da strateji əhəmiyyət daşıyır. Mərkəzləşmiş urbanizasiya modelindən imtina edərək, regionlarda müasir və cəlbedici yaşayış mühitinin yaradılması daxili miqrasiyanın qarşısının alınmasına, iqtisadi fəallığın artmasına və sosial sabitliyin möhkəmlənməsinə şərait yaradır. Bu kontekstdə şəhərsalma artıq iqtisadi və sosial siyasətin tamamlayıcı alətinə çevrilir. Bu qərar Azərbaycanın post-münaqişə mərhələsində yalnız bərpa edən deyil, həm də strateji planlaşdıran, gələcəyini qabaqcadan dizayn edən bir dövlət kimi çıxış etdiyini göstərir. “Şəhərsalma və Memarlıq İli” müasir dövlət idarəçiliyinin, güclü suverenliyin və dayanıqlı inkişaf modelinin simvolu kimi dəyərləndirilə bilər".