“Bayram süfrəsinin qurulması üçün dörd nəfərlik ailəyə minimum 250 manat tələb olunur“ - EKSPERT DANIŞDI

25 Dekabr 2025 11:51 (UTC+04:00)

“Qiymətlərin bayram ərəfəsində artmasının bir çox səbəbi var. Lakin əsas və ilk səbəb süni qiymət artımı ilə bağlıdır”.

Bu sözləri SİA-ya iqtisadçı ekspert Günay Hüseynova bildirib.

Onun sözlərinə görə, hər hansı məhsulun satışını həyata keçirən şəxs bilir ki, qiymət münasib olmasa da, bayramla əlaqədar alıcı bu məhsulu almağa məcbur qalacaq:

”Bu isə süni qiymət artımına şərait yaradır.Digər bir səbəb isə növbəti ildə əməkhaqqı, təqaüd və müavinətlərin artımı ilə əlaqədardır. Bunu öncədən hiss edən satıcılar qiymətləri təxminən 20 gün əvvəl qaldırırlar. Başqa bir səbəb isə mövsümi xarakter daşıyır. Qış fəsli olduğundan bəzi meyvə-tərəvəz məhsulları parnik şəraitində yetişdirilir və ya saxlanc anbarlarında saxlanılaraq hazırda satışa çıxarılır və s. Bu kimi amillər qiymət artımına təsir göstərir.

Qiymət artımı daha çox hansı məhsulları əhatə edir sualına gəldikdə isə, bayramla əlaqədar olan bütün məhsulları. Bəzi məhsullarda artım az, bəzilərində isə daha çox müşahidə olunur.

Son illərdə maraqlı bir nüans diqqət çəkir. Belə ki, alıcı bahalıqdan, satıcı isə müştəri qıtlığından gileylənir. Çünki hər bayram ərəfəsində qiymət artımı alıcıları bu adət-ənənədən uzaqlaşdırmağa başlayıb. İnsanlar artıq bayramı evdə deyil, ailə üzvləri ilə birlikdə restoran və kafelərdə qeyd etməyə üstünlük verirlər.

Hazırda bayram süfrəsinin qurulması üçün dörd nəfərlik ailə üçün minimum 250 manat tələb olunur. Bu məbləğdənsə, dörd nəfərlik kabab setinə 65–75 manat ödəmək daha sərfəli hesab edilir.

Əvvəlki illərdə qohum-əqrəbanın daha çox toplaşdığı, süfrələrin çeşidli təamlarla bəzədildiyi müşahidə olunurdu. İndi isə nə əvvəlki qohumluq ənənələri qalıb, nə də həmin zəngin süfrələr. Qiymətlərin münasib olmaması, qonaqların azalması, hər kəsin bayramı yalnız öz ailəsi ilə qeyd etməsi və bayramdan sonra yorucu ev işlərinin olmaması bu dəyişikliklərin əsas səbəbləri sırasındadır”.