Mətləb Salahov: “Rusiya səfərindən dərhal sonra Paşinyanın II Qareginə qarşı hücuma keçməsi Vladimir Putinin “dobro”su deməkdir”
“Belə görünür ki, Nikol Paşinyan Sank Peterburqdan qayıdan kimi, əsas düşmənlərinə sonuncu və qəti zərbə endirməyə qərar verib. Erməni mediasının da yazdığı kimi, hazırkı baş nazir “dəmiri isti isti döymək” prinsipi ilə hərəkət edir. Onun dekabrın 28-də həm öz tərəfdarları, həm də II Qaragendən narazı dindarlarla Eçmiədzinə daxil olmağı planlaşdırdığı, II Qareginə qarşı psixoloji və ictimai zərbə vurmağa, əsas da onun istefasını tezləşdirməyə çalışdığı ortaya çıxır.
Əgər bazar günü N.Paşinyan bu addımı ata bilsə o zaman hazırkı erməni hakimiyyəti qarşısındakı əsas maniə elə 2025-ci ilin son bazarında aradan qalxacaq”.
Bu fikirləri SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. Jurnalist-ekspertin fikrincə hazırda erməni hakimiyyətinə qarşı əsas və barışmaz müxalifət II Qaregin və onun ətrafında cəmləşən qruplaşmalardır. Onların zərərsizləşdirilməsi N.Paşinyan üçün seçkiöncəsi çox böyük qələbə olacaq. “Nikol Paşinyanın Erməni Apostol Kilsəsini radikal müxalifət ofisindən məhrum etmək və seçkiöncəsi ictimai rəyi öz xeyrinə sürətlə dəyişmək niyyəti həm də erməni siyasəti üçün “həlledici döyüş” sayılır. Sancılı da olsa N.Paşinyan bu prosesi bitirmək istəyir. Rusiya səfərindən dərhal sonra bu addımın atılması barəqə qərar vermək isə o deməkdir ki, Moskva II Qaregini qurban verməyə razılaşıb. Əlbəttdə bölgədəki siyasi təsirini qorumaq və qarşıdakı ticarət layihələrindən kənarda qalmamaq üçün”.
Ayşən Vəli