"57 min Çin turisti Azərbaycana səfər edib" - Səfir

25 Dekabr 2025 11:26 (UTC+04:00)

“Humanitar mübadilələr Çin və Azərbaycan arasındakı ənənəvi dostluğun əsasını möhkəmləndirir. Dövlətlər arasında yaxşı münasibətlərin açarı xalqların yaxınlığındadır, insanların yaxınlığının açarı isə qarşılıqlı anlaşmadır. Ötən il iki ölkə arasında mədəniyyət, təhsil, turizm və digər sahələrdə mübadilələr aktiv və məhsuldar şəkildə həyata keçirilmişdir. Vizasız rejimin tətbiqi sayəsində turist mübadiləsi artmış, bu isə iki xalq arasında qarşılıqlı anlaşmanı daha da möhkəmləndirmişdir".

SİA xəbər verir ki, bu fikirləri Çin Xalq Respublikasının Azərbaycandakı səfir Lu Mey Azərbaycan–Çin münasibətlərinə həsr olunmuş illik mətbuat brifinqində çıxışı zamanı səsləndirib.

Səfir gənclər əməkdaşlığının vacibliyini xüsusi vurğulayıb:

“Gənclər dövlətin iqtisadi və sosial inkişafının əsas qüvvəsi və dayağıdır. Çin gəncləri innovativ düşüncə, fədakarlıq və yaradıcı enerji ilə ölkənin inkişafına töhfə verən əsas qüvvəyə çevrilmişdir. Onlar həmçinin Çin–Azərbaycan münasibətlərinin gələcəyini formalaşdırır və xalqlar arasında dostluğu nəsildən-nəsilə ötürməkdə mühüm rol oynayırlar".

Lu Mey əlavə edib ki, Çin Kommunist Partiyasının 20-ci çağırışının IV plenumunda qəbul edilmiş “15-ci Beşillik Plan” ölkənin növbəti beş il üçün iqtisadi və sosial inkişafının strateji yol xəritəsini müəyyən edir. O qeyd edib ki, Çin dünyanın ikinci böyük iqtisadiyyatı, istehsal gücü və qlobal iqtisadi artıma verdiyi sabit töhfə ilə dünya miqyasında lider ölkələrdən biridir.

“Çində süni intellekt, rəqəmsal iqtisadiyyat və ‘yaşıl’ inkişaf sahələrində davamlı innovasiyalar qlobal inkişaf prosesinə dəstəyi təmin edir,” – səfir bildirib.

Lu Mey vurğulayıb ki, gənclər mübadilələri, təhsil və mədəni layihələr iki xalq arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir və bu əməkdaşlıq gələcəkdə daha da dərinləşdiriləcək.