Cəlilabadda saxta alkoqollu içkilərin satışa çıxarıldığı aşkarlanıb - FOTOLAR

25 Dekabr 2025 11:23 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad rayonunun H.Əliyev prospekti, ev 9 ünvanında Füzuli Əvəz oğlu Quliyevə məxsus “055 şərab evi” mağazasında, rayonun Göytəpə şəhəri, F.Bayramov küçəsi, ev 87 ünvanında Hikmət Əliağa oğlu Qurbanova məxsus “Məhəllə” marketdə və Cəlilabad şəhəri, H.Əliyev prospektində Akif Ağaxan oğlu Əliyevə məxsus “Yaşar” marketdə keçirilmiş plandankənar yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğunu müəyyən ediblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb. Normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul olunub.

Faktlarla bağlı inzibati protokol tərtib edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.