...İtaliya rəsmi olaraq dövlət himni olan “Il Canto degli Italiani”nin təsis və hərbi tədbirlər zamanı səsləndirilməsini dəyişdirib.
SİA xəbər verir ki, bu barədə Euronews-un İtaliya xidməti Prezident Sercio Mattarellanın fərmanına istinadən məlumat verib.
Baş nazir Corcia Meloni bu qərarı təklif edib. Bundan sonra "Siam pronti alla morte, l'Italia chiamò" ("Ölməyə hazırıq, İtaliya çağırdı") sətrindən sonra gələn son "Si" ("Bəli") nidası artıq səsləndirilməyəcək.
Sənəd 7 may 2025-ci ildə "Gazzetta Ufficiale" (Rəsmi Qəzet) qəzetində dərc olunub, lakin Baş Müdafiə Qərargahı müvafiq əmri yalnız dekabr ayında verib. Əmrə əsasən, bütün bölmələr rəsmi mərasimlər zamanı yeni qaydalara riayət etməlidirlər. İtaliya mediasının məlumatına görə, dəyişiklik təşəbbüsü hərbi orkestrlərdən gəlib və məqsədi himnin ifasını Qoffredo Mamelinin orijinal mətninə uyğun olaraq standartlaşdırmaqdır.
Bu yenilik tarixçilər və filoloqlar arasında müzakirələrə səbəb olub.
Onlar qeyd edirlər ki, son "Si" ritmik və ifaçılıq səbəbləri ilə bəstəkar Mişel Novaro tərəfindən musiqiyə əlavə edilmişdir və zaman keçdikcə bu, himnin ifasında qəbul edilmiş bir ənənəyə çevrilmişdir.
Nazlı Almuradova