“Prezidentin Ağdam sakinləri ilə bir araya gəlməsi bölgəyə verilən yüksək diqqətin göstəricisidir” - ŞƏRH EDİLDİ

24 Dekabr 2025 16:50 (UTC+04:00)

”Bu gün cənab Prezidentin doğum günüdür və dövlət başçısı artıq bir ənənə halını almış şəkildə bu günü rəsmi tədbirlərdən uzaq, xalqla birgə keçirməyi üstün tutur”. Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, bu yanaşma təkcə simvolik xarakter daşımır, eyni zamanda cəmiyyət üçün nümunəvi davranış modelidir:

“Prezidentin doğum günlərini sadə vətəndaşlarla birlikdə qeyd etməsi, xalqla birbaşa ünsiyyətdə olması və bu mövqeyə daim sadiq qalması onun idarəçilik fəlsəfəsinin əsas prinsiplərindən biridir.

Məhz bu baxımdan, dövlət başçısının doğum günü münasibətilə Ağdam şəhərində keçirilən açılış mərasimlərində iştirakı xüsusi əhəmiyyət daşıyır. Prezidentin Ağdam sakinləri ilə bir araya gəlməsi bölgəyə verilən yüksək diqqətin və əhəmiyyətin bariz göstəricisidir. Bu görüşlər həm səmimiliyi, həm də qarşılıqlı dialoqu ilə seçilmiş, maraqlı və məzmunlu söhbətlərlə yadda qalmışdır.

Səfər çərçivəsində dövlət başçısı bir sıra mühüm infrastruktur və istehsal müəssisələrinin açılışında iştirak etmiş, Ağdam Sənaye Parkında yaradılan istehsal sahələri, yeni sənaye müəssisələri, həmçinin avtovağzalın yeni binası ilə yaxından tanış olmuşdur. Qeyd olunan obyektlərdə elektrik enerjisinin və digər mühüm istehsal proseslərinin yerində həyata keçirilməsi nəzərdə tutulur ki, bu da regionun iqtisadi müstəqilliyini və dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir.

Yeni müəssisələrin fəaliyyəti nəticəsində bölgədə çoxsaylı iş yerlərinin açılması gözlənilir. Həyati əhəmiyyət daşıyan bu istehsal sahələri sosial-iqtisadi baxımdan xüsusi önəm kəsb edir. Prezidentin müəssisə əməkdaşları və ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüşlər dövlət siyasətinin əsas mesajlarını aydın şəkildə ortaya qoyur: azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri ardıcıl və sistemli şəkildə davam etdirilir.

Eyni zamanda vurğulanmışdır ki, yaxın günlərdə bölgəyə növbəti köç mərhələlərinin həyata keçirilməsi planlaşdırılır. Yaradılan sənaye və istehsal infrastrukturu Ağdamın qısa müddət ərzində böyük və inkişaf etmiş bir şəhərə çevrilməsinə xidmət edəcək. Dövlətin əsas məqsədi bu cür istehsal sahələrini davamlı şəkildə genişləndirmək və bölgənin uzunmüddətli inkişafını təmin etməkdir”