"Milli birlik güclü dövlətin əsasını təşkil edir" - POLİTOLOQ DANIŞDI

24 Dekabr 2025 16:42 (UTC+04:00)

"Heç kimə sirr deyil ki, dövlətin xarici siyasətində və beynəlxalq nüfuzunun artırılmasında həmrəylik prinsipinin rolu əvəzsizdir. Həmrəylik dövlətin güclənməsində əsas təməl rolunu oynayır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, xalq birliyini qoruduqda və ortaq dəyərlər ətrafında birləşdikdə, hökumətlər daha güclü və dayanıqlı olur, sosial sabitlik təmin edilir, milli strategiyalar effektiv şəkildə həyata keçirilir və ölkənin həm daxili, həm də xarici siyasətdə mövqeyi möhkəmlənir: "Bu baxımdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dövlət siyasətində strateji həmrəylik mənasını daşıyır. Bu gün təkcə tarixi bir xatırlatma deyil, eyni zamanda dünya azərbaycanlılarının milli birliyini və dövlət siyasətində strateji həmrəylik prinsiplərini nümayiş etdirən əlamətdar bir gündür.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət Azərbaycanın bütün vətəndaşlarını, eləcə də xaricdə yaşayan həmvətənlərimizi eyni ideoloji dəyərlər ətrafında birləşdirməyə yönəlib. Dövlət başçısının səyləri sayəsində həmrəylik yalnız formal şüarlardan ibarət qalmır, real təsir gücünə malik strategiyaya çevrilərək ölkəmizin gücünü və beynəlxalq nüfuzunu möhkəmləndirir. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə bu həmrəylik konsepsiyası özünü daha qabarıq şəkildə göstərdi. Bu qələbə yalnız ərazi bütövlüyümüzün bərpası ilə kifayətlənmədi, həm də dövlətimizin gücünü və həmvətənlərimizin birliyini bütün dünyaya nümayiş etdirdi.

Bu strateji yanaşma təkcə milli həmrəyliyi möhkəmləndirmədi, eyni zamanda Azərbaycanın siyasi və diplomatik mövqeyini daha da gücləndirdi. Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bizə bir daha xatırlatdı ki, güclü və legitim dövlət yalnız milli həmrəylik üzərində qurula bilər. Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşan bu siyasət Azərbaycanı təkcə coğrafi baxımdan deyil, həm də ideoloji və mənəvi baxımdan birləşdirdi. Dövlət başçısının səyləri nəticəsində həmrəylik formal bir şüar deyil, real güc və strateji üstünlük mənbəyinə çevrildi.

Qarabağın azadlığı uğrunda gedən mübarizədə hər bir azərbaycanlının ürəyi bir döyünürdü. Həmvətənlərimizin həm ölkə daxilində, həm də xaricdə göstərdiyi dəstək və həmrəylik bu qələbənin əsasını təşkil etdi. Bu qələbə yalnız ərazi bütövlüyümüzü bərpa etmədi, eyni zamanda xalqımızın iradəsini, dövlətimizin gücünü və həmrəyliyimizin strateji əhəmiyyətini bütün dünyaya nümayiş etdirdi.

Bu gün biz bir daha anlayırıq ki, xalqımızın həmrəyliyi onun ən böyük və ən güclü sərvətidir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü gələcək nəsillərə birlik, vətənpərvərlik və həmrəylik ənənəsi kimi miras qoyacağıq.
Bu gün heç şübhəsiz ki, hər bir azərbaycanlının qəlbində doğan bu birlik duyğusu, eyni zamanda milli qürur və xoşbəxtliyimizin ifadəsinə çevrilərək, bizim ən böyük gücümüz olaraq qalır".