Krandan gələn su: sağlamlıq üçün risk varmı ? - EKOLOQ DANIŞDI

24 Dekabr 2025 16:07 (UTC+04:00)

”Dünyanın əksər şəhərlərində, o cümlədən Bakı şəhərində əhaliyə təqdim olunan içməli su ekoloji baxımdan kifayət qədər təmizlənmiş vəziyyətdə verilir”
Bu sözləri SİA-ya açıqlamasında ekoloq Rövşən Abbasov bildirib.
Onun sözlərinə görə, bu suyun tərkibində insan sağlamlığı üçün birbaşa təhlükə yaradan zərərli maddələr mövcud deyil: “Lakin əsas problem suyun paylayıcı şəbəkə vasitəsilə istehlakçılara çatdırılması zamanı müəyyən çirklənmələrə məruz qalması ilə bağlıdır.

Məlumdur ki, suyun dezinfeksiyası məqsədilə onun tərkibinə xlor əlavə olunur. Bu üsul hazırda su təminatı ilə məşğul olan qurumlar, o cümlədən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən geniş şəkildə tətbiq edilir. Xlorun istifadəsi mikroorqanizmlərin qarşısını almaq baxımından zəruri hesab edilsə də, suyun dadında xoşagəlməz dəyişiklik yaradır və bu, xüsusilə bulaq suyu ilə müqayisədə istehlakçılar tərəfindən birmənalı qarşılanmır.

Mütəxəssislər xlorlu suyun birbaşa içilməsini tövsiyə etmirlər. Xlorun miqdarını azaltmaq üçün içməli suyun ağzı açıq qabda müəyyən müddət saxlanılması məqsədəuyğundur. Xlor uçucu maddə olduğundan zamanla sudan ayrılır. Bununla yanaşı, xlorlu suyun qaynadılması qətiyyən məsləhət görülmür, çünki yüksək temperatur təsiri ilə xlor təhlükəli kimyəvi birləşmələrə çevrilə bilər.

Digər mühüm tövsiyə ondan ibarətdir ki, içməli su əsasən axşam saatlarında götürülsün. Səhər saatlarında borularda yığılıb qalan xlorun miqdarı nisbətən yüksək olur ki, bu da sağlamlıq baxımından risk yarada bilər.

Bundan əlavə, Bakı şəhərinə verilən suyun codluğu da diqqət mərkəzində saxlanılmalıdır. Suyun tərkibində kalsium və maqnezium ionlarının miqdarının yüksək olması onun codluğunu artırır. Əgər su qaynadıldıqdan sonra bir müddət keçdikdə çöküntü yaranırsa, bu, codluğun göstəricisidir. Belə hallarda suyun təkrar qaynadılması, həmçinin su yumuşaldıcılardan və xüsusi filtrlərdən istifadə olunması tövsiyə edilir.

Cod suyun uzun müddət fasiləsiz istifadəsi qanda laxtalanmanın artmasına, damarların tutulması riskinin yüksəlməsinə səbəb ola bilər. Bu baxımdan suyun keyfiyyətinə nəzarət etmək və mövcud texniki vasitələrdən düzgün istifadə etmək sağlamlığın qorunması üçün mühüm əhəmiyyət daşıyır”.