Fiziki-coğrafi mövqeyi, mürəkkəb relyefi və unikal təbii şəraiti ilə fərqlənən NaxçıvanMuxtar Respublikası ölkəmizin strateji əhəmiyyətə malik regionlarından biridir. Bu coğrafi xüsusiyyətlər regionun sosial-iqtisadi inkişafı ilə yanaşı, elektroenergetika sahəsində dəspesifik yanaşmalar və dayanıqlı həllər tələb edən çağırışlar formalaşdırmışdır.
Azərbaycanın əsas enerji mərkəzlərindən kənarda yerləşən və uzun müddət enerji təchizatı məhdud imkanlar daxilində olan Naxçıvan üçün enerji təhlükəsizliyinin təmin edilməsi mühüm vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur. Bu səbəbdən də muxtar respublikanın dayanıqlı və etibarlı elektrik enerjisi təminatı məqsədilə müasir enerji infrastrukturunun yaradılması dövlət səviyyəsində strateji prioritetlərdən biri kimi müəyyən edilmişdir. Müəyyən dövr Naxçıvanın enerji təminatı regional bazarlardan asılı vəziyyətdə idi və elektrik enerjisi tələbatı daha çox mövcud lokal potensiala söykənirdi. Bu dövrdə Naxçıvan elektrik enerjisi ilə təminatda çətinliklərlə üzləşmiş, çox məhdud istehsal imkanları ilə qismən təmin olunan sistemdə fasilələr müşahidə olunmuşdur. Bu isə elektrik stansiyalarının gücünün artırılması, yarımstansiyaların modernləşdirilməsi və yüksəkgərginlik xətt infrastrukturlarının yenilənməsi kimi məsələlərin strateji əhəmiyyətini gündəmə gətirmişdir.
Müstəqilliyimizin ilk illərində Naxçıvan Muxtar Respublikası təkcə iqtisadi və nəqliyyat blokadası ilə deyil, eyni zamanda enerji blokadası ilə də üz-üzə qalmışdır. 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən, Zaqafqaziyanın vahid enerji sistemindən qidalandırıcı enerji xətlərinin kəsilməsi nəticəsində muxtar respublikada müəyyən bir dövr enerji böhranı
yaşanmışdır. Bu, regionun iqtisadiyyatına ciddi təsir göstərən amil olmuşdur.
Həmin dövrdə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli addımları sayəsində Naxçıvan üçün müstəqil enerji strategiyasının əsası qoyulmuş, ilk növbədə daxili enerji istehsalına başlanılması üçün tədbirlər görülmüşdür. Sonrakı illərdə bu istiqamətdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün mühüm hüquqi və institusional baza formalaşdırılmışdır.
Nəticədə, muxtar respublikada enerji təhlükəsizliyinin təmin edilməsi, enerji sisteminin dayanıqlığı və etibarlılığı ilə bağlı məsələlər yeni mərhələyə qədəm qoymuşdur.
Sonrakı dövr elektroenergetikanın inkişafı mərhələsində muxtar respublikada yeni enerji güc mərkəzləri-elektrik stansiyaları tikilib-quraşdırılıb istismara verilmiş, enerji tələbatı tam həcmdə daxili imkanlar hesabına təmin olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün
regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da elektroenergetika sahəsində
mühüm islahatlar və genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bu təşəbbüslər
Muxtar Respublikanın enerji təhlükəsizliyinin təmin olunması, alternativ və bərpa olunan
enerji potensialının səmərəli istifadəsi, həmçinin rəqəmsal idarəetmə sistemlərinin tətbiqi ilə
enerji sektorunun modernləşdirilməsinə yönəlib.
Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti ilə Naxçıvan Muxtar Respublikasında aparılan islahatlar təkcə struktur və idarəetmə səviyyəsində deyil, həm də strateji planlaşdırma və ekoloji davamlılıq baxımından mühüm mərhələyə qədəm qoymuşdur. Bu baxımdan, Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” regionda elektrik enerjisi infrastrukturunun yenilənməsi, yaşıl enerji potensialının reallaşdırılması üçün hüquqi və iqtisadi baza yaratmışdır.
Xüsusilə, 2023-cü ilin dekabr ayında ölkə başçısı tərəfindən Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji zonası” elan olunması ölkənin enerji siyasətində mühüm dönüş nöqtəsidir. Bu qərar, Naxçıvanın alternativ və bərpa olunan enerji resurslarının – günəş, külək və hidroenerji potensialının sistemli şəkildə istismarı və inkişaf etdirilməsi məqsədi daşıyır.
Regionun coğrafi şəraiti və günəşli günlərin sayı bu sahədə böyük perspektivlər vəd edir.
Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi regionun enerji müstəqilliyinə, ixrac potensialına və ekoloji təhlükəsizliyinə ciddi töhfə verəcək. Eyni zamanda bu qərar ümumilikdə Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının regional modelinin formalaşdırılması baxımından da mühüm nümunədir.
2024-cü ilin noyabrında imzalanmış, Azərbaycan Respublikası Prezidentinin 235 nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının elektroenergetika sisteminin “Azərenerji” ASC və “Azərişıq” ASC-yə inteqrasiyası təkcə institusional bir dəyişiklik deyil, eyni zamanda ölkənin enerji idarəetməsində strateji dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Bu qərar nəticəsində Naxçıvanın elektroenergetika sektoru müasir idarəetmə prinsiplərinə, texnoloji yeniliklərə və vahid milli enerji siyasətinə uyğun şəkildə yenidən təşkil edilməyə başlanmışdır.
Mərkəzləşdirilmiş idarəetmə modeli vahid standartların tətbiqinə, enerji infrastrukturunun daha çevik və səmərəli istismarına, eləcə də texniki resursların optimal bölüşdürülməsinə şərait yaratmışdır. Bu model Naxçıvanda elektroenergetika sisteminin digər ölkə regionları ilə sinxronlaşdırılması, ehtiyat imkanların gücləndirilməsi və potensial enerji böhranlarının qarşısının alınması deməkdir.
Fərmanın icrası istiqamətində Naxçıvanda paylayıcı və ötürücü şəbəkələrin müasirləşdirilməsi, rəqəmsallaşdırılması, yeni elektrik stansiyalarının və yarımstansiyaların tikintisi istiqamətində mühüm layihələr icra olunmağa başlanmışdır. Bu isə bütövlükdə Muxtar Respublikanın dayanıqlı enerji təminatını, sənaye və sosial sektorların davamlı inkişafını təmin edən mühüm faktor kimi çıxış edir.
Ölkə başçısının 2024‑cü il 23 dekabr tarixli 418 nömrəli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında yeni İstilik Elektrik Stansiyasının (İES) tikintisi ilə bağlı tədbirlər haqqında” verilən qərar regionun enerji təhlükəsizliyi və davamlı inkişaf strategiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Sərəncam, uzunmüddətli dövrdə muxtar respublikanın daxili istehsal gücünün artırılmasına və enerji müstəqilliyinin təmin olunmasına yönəlmiş strateji addım kimi qiymətləndirilə bilər.
Yeni İES layihəsinin reallaşdırılması, təkcə generasiya güclərinin artırılması deyil, həm də Naxçıvanda elektrik enerjisinin fasiləsiz və dayanıqlı təminatı üçün mövcud infrastrukturun təkmilləşdirilməsinə, yük rejimlərinin optimallaşdırılmasına və sistem sabitliyinin qorunmasına xidmət edəcək. Eyni zamanda, bu stansiya muxtar respublikanın sosial-iqtisadi inkişafını dəstəkləməklə, sənaye və məişət istehlakçılarının artan enerji tələbatını qarşılamağa imkan verəcək.
Bununla yanaşı, yeni İES-lə bağlı sərəncam dövlətin energetika siyasətində regional bərabərliyin qorunmasına və iqtisadi dayanıqlığın gücləndirilməsinə verdiyi önəmin bariz nümunəsidir. Layihənin həyata keçirilməsi həm də texniki kadr ehtiyacını artıracaq, bu sahədə yeni iş yerlərinin yaradılmasına və texniki peşə təhsilinin inkişafına təkan verəcək.
Yeni 2025-ci il 5 avqust tarixli “Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin rekonstruksiyası və bərpası ilə bağlı əlavə tədbirlər haqqında” Fərman regionun enerji infrastrukturunun növbəti inkişaf mərhələsinə keçidini təmin edən mühüm strateji sənəddir. Sənədin əsas məqsədi 2026–2030-cu illəri əhatə edən dövrdə Naxçıvanın paylayıcı şəbəkəsinin müasirləşdirilməsi, səmərəliliyin artırılması və fasiləsiz enerji təchizatının təmin
olunmasıdır. Fərman “Azərişıq” ASC-nin Naxçıvan üzrə paylayıcı şəbəkənin yenidən qurulması prosesində məsul tərəf olduğunu hüquqi şəkildə təsdiqləməklə yanaşı, idarəetmədə mərkəzləşmiş yanaşmanın tətbiqini gücləndirir. Bu da sistemli və planlı şəkildə inkişafın təminatına zəmin yaratmış olur.
Azərbaycan Respublikasının enerji siyasəti çərçivəsində, ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası üçün də xüsusi elektroenergetika strategiyası hazırlanmışdır. Bu baxımdan, “Azərenerji” ASC tərəfindən formalaşdırılmış və 2025–2027-ci illəri əhatə edən “Reabilitasiya və Yenidənqurma Tədbirləri” Naxçıvanda enerji təhlükəsizliyinin təmin olunması, enerji təchizatının dayanıqlılığı və infrastrukturların müasir standartlara uyğun
yenilənməsi baxımından böyük strateji əhəmiyyət daşıyır.
Strategiya çərçivəsində haliyədə Naxçıvanda Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzinin, “Naxçıvan Enerji” MMC-nin inzibati binasının tikintisi, 110/35/10 kV-luq “Naxçıvan” və “Çeşməbasar”, həmçinin 154/110/10 kV-luq “Babək” yarımstansiyalarının, 110 kV-luq ötürücü hava elektrik xətlərinin yenidənqurulması, yaşayış yerlərindən keçən hava xətlərinin trassasının dəyişdirilməsi, eyni zamanda kabelləşdirilməsi və bu kimi digər işlərin icrası həyata keçirilməkdədi.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən bu genişmiqyaslı enerji strategiyası enerji təhlükəsizliyini və müstəqilliyini təmin edəcək, rəqəmsal idarəetmə və avtomatlaşdırma ilə effektivliyi artıracaq və bərpaolunan enerji resurslarının inkişafı ilə ekoloji dayanıqlılığa töhfə vermiş olacaqdır.
“Azərenerji” ASC-nin rəhbərliyi altında icra edilən bu strateji yanaşma, Naxçıvanı Cənubi Qafqazın ən modern enerji regionlarından birinə çevirir və Azərbaycanın enerji siyasətində unikal model nümunəsi formalaşdırır.
Ölkə üçün strateji əhəmiyyət daşıyan əsas infrastruktur layihələrindən biri, uzun illər əsas enerji sistemindən ayrı düşmüş Naxçıvan enerji şəbəkəsinin 330 kV-luq ötürücü xətlə Cəbrayıl yarımstansiyası üzərindən ümumi respublika enerji sisteminə qoşulmasıdır. Hazırda xəttin seçilmiş trassası üzrə ərazilərin topoqrafik araşdırılması, dayaq nöqtələrinin planlaşdırılması və digər mühüm layihələndirmə işlər aparılır.
330 kV-luq Cəbrayıl–Naxçıvan ötürücü xəttinin çəkilməsi, uzun illər enerji blokadasında qalan və Azərbaycanın əsas enerji sistemindən təcrid olunmuş Naxçıvan üçün tarixi əhəmiyyət daşıyan bir hadisədir. Bu layihənin reallaşdırılması nəticəsində Muxtar Respublika xarici enerji asılılığından tamamilə azad olur, enerji təhlükəsizliyi dayanıqlı şəkildə təmin
edilir. Yeni infrastruktur Naxçıvanın həm daxili tələbatını qarşılamağa, həm də gələcəkdə istehsal etdiyi elektrik enerjisini, xüsusilə bərpaolunan mənbələrdən alınan enerjini Azərbaycanın ümumi sisteminə ötürməyə imkan yaradır. Bu isə bir zaman elektrik enerjisini idxal edən bölgəni enerji ixracatçısına çevirərək həm iqtisadi, həm də strateji baxımdan mühüm üstünlüklər qazandırır.
Naxçıvandan Türkiyəyə enerji ixracı strateji baxımdan mühüm perspektivlər vəd edir. Coğrafi mövqeyinə görə Naxçıvan Muxtar Respublikası Azərbaycanın Türkiyə ilə quru sərhədinə malik yeganə bölgəsidir. Bu üstünlük Naxçıvanı həm enerji istehsalı, həm də ötürülməsi baxımından regional enerji qovşağına çevirmək potensialına sahib edir.
Son illərdə Muxtar Respublikada həyata keçirilən infrastruktur layihələri – yeni elektrik stansiyalarının tikintisi, ötürücü xətlərin yenilənməsi, SCADA və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi, xüsusilə 330 kV-luq Cəbrayıl–Naxçıvan xəttinin çəkilməsi ilə Naxçıvanın ümumi enerji sisteminə qoşulması bu potensialı daha da artırır. Eyni zamanda,
bölgədə bərpaolunan enerji mənbələri üzrə yeni layihələr – günəş və külək elektrik stansiyalarının qurulması nəticəsində elektrik enerjisi istehsalı artacaq.
Bu şəraitdə artıq Naxçıvan təkcə öz tələbatını qarşılayan region deyil, enerji ixrac edə biləcək bir istehsalçıya çevrilir. Gələcəkdə Naxçıvandan İğdır üzərindən Türkiyə enerji sisteminə inteqrasiya imkanları texniki və siyasi baxımdan mümkün hesab olunur. Bu, həm Azərbaycan-Türkiyə enerji əməkdaşlığını dərinləşdirəcək, həm də Naxçıvanın iqtisadi
müstəqilliyini və regional rolunu daha da gücləndirəcək.
Sevinc Rzayeva,
Naxşıvan Dovlət Universitetinin Memarlıq və mühəndislik fakultəsinin Elektroenergetika
mühəndisliyi kafedrasının baş müəllimi